Adıdı
Adıdı Müəllif: Aşıq Alı |
Mənbə: Niftalı Göyçəli. "Göyçə ustadları" (antologiya), I hissə (PDF) (az.). Bakı: "Elm və təhsil". 2017. ISBN 978-9952-8176-1-2. 2017-11-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-23. |
Dövlətindən kərəm, səxa,
Etmək adamın adıdı.
Bu fənada səxavətdə
Qalan Hatəmin adıdı.
Səməri nə sağı desən?
Nakəslə bal-yağı yesən.
Bir mərd ilə ağı yesən,
Şəkər o tamın adıdı.
Oxuduğum qəlbə yatar.
Əsəl olub elə çatar.
Söz qoşmuşam min bir qatar,
Min bir Xudamın adıdı.
Elin qocası, ahılı,
Sözdə, əməldə səxalı,
Mahalım Göyçə mahalı,
Mirzə atamın adıdı.
Bir gün gələr köçər Alı,
Ondan bir nişanə qalı.
Anam Fatma, ömrüm balı,
Bəsti butamın adıdı.