Nağıllar. Adamcıl
Müəllif: Şifahi xalq ədəbiyyatı


Bir çoban axşam vaxdı sürünü gətirirmiş kəndə. O, qəbiristanlıqdan keçəndə görür ki, bir iri buynuzdarı və uzun caynaqları əcayib bir qəbr eşəliyir.

Çoban sakitcə müşahidə etmək qərarına gəlir. Görür ki, əcayib qəbri söküb, içərisində basdıranı çıxarıb, söykəyir qəbrin baş daşına. Sora əcayib basdıranın dabanını dişləyir. Bu zaman həmin dabandan qan axmağa başlayır. Əcayib qanı görüb, bir qədər geri çəkilir. Anlaşılır ki, basdırılan əslində ölməyib; ancaq, onu səhvən ölü sayıb, dəfn ediblər. Əcayib basdırılanın ölmədiyini görüb, onu buynuzları ilə vurub, öldürmək qərarına gəlir.

Yalnız o zaman çoban başa düşür ki, bu əcayib əslində adamcıldır (adam yeyəndir). Çoban tez basdırılmışı çəkib yerə salaraq, kərəntini götürüb onun yerinə qoyur. Adamcıl isə bunu görmür; uzaqdan qaça-qaça gəlib büynüzünü zərblə vurur kərəntiyə, kərənti onun başını xirtdəyinə qədər kəsib, parçalayır.

Bu dəm basdırılan zarıldıyıp, ayılıp. Çoban ondan nə bildiyini soruşanda, basdırılan cavab verir ki, "yatmışdım, dabanım ağrıdı, durdum". Çoban tez kəndə gedib, bu şəxsin qohumlarına xəbər verir. Kənd camaatı tökülüp, gəlir qəbiristanlığa. Onlar görürlər ki, adamcılın uzun caynaxları, iri buynuzları var, bədəni də heyvan kimi tüklüdür. Sonra kənd camaatı adamcılın cəsədini yandırır, Basdırılanı isə kəndə evinə gətirirlər, amma onun dabanı bir ömr ağrıyır.