Afərin olsun nigarın zülfü ilə qaşinə
Afərin olsun nigarın zülfü ilə qaşinə Müəllif: İmadəddin Nəsimi |
Afərin olsun nigarın zülfü ilə qaşinə,
Gər macal bulsam həbibin çövriləydim başinə.
Mənzilə irmək dilərsən, eşqi yoldaş eyləgil,
İrmədi mənzilinə, kim baxmadı yoldaşinə.
Kə’bənin ehramına irməz hacının dəgməsi,
Çizginir dər girdinə, sürtər üzünü daşinə.
Şol rəqibi görə idim çah içində bir kərə,
Gilliyəydim başına şol səd həzaran daş yenə.
Ey rəqib, bir yerdə ölgil ki, bulunmaz aşü su,
Qarğavü quzğun yığılsın leşinə, hey leşinə.
Buduna çıxsın ufalar, gözünə həm qara su,
Tutulsun dilü qulağın, bir neçə daş dişinə.
Dedilər, miskin Nəsimi, doğruya yoxdur zaval,
Müddəilər qalib oldu, hazır olgil başinə.