Afitabın tələtindən mahi-taban ru tutar

Afitabın tələtindən mahi-taban ru tutar
Müəllif: İmadəddin Nəsimi
Mənbə: İmadəddin Nəsimi. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, "Lider nəşriyyat", 2004. səh.196.

Afitabın təl’ətindən mahi-taban ru tutar,
Çini-zülfündən Xətada nafeyi-ahu tutar.

Bilmənəm hurimisən, yoxsa məlaik, ya pəri,
Kim ki, gördü ay üzün şərməndə oldu, xu tutar.

Bər-kənari-çeşmimə basğıl qədəm, ey sərvinaz,
Sərvə adətdir ki, məskən bər-kənari-cu tutar.

Görmüşəm, həm qanda kim, aslan qılır ahu şikar,
Mən əcaib qalmışam, aslanları ahu tutar.

Çeşmimə dedim fərağından anın çox ağlama,
Nagəhan tufan qopar, mülki-cahanı su tutar.

Mərg aman versə, əlindən qoyma dilbər damənin,
Tutmasan, bilgil, əcəl ol xud səni niku tutar.

Qeyrət iltürmən ki, hindu bərgi-nəsrin yastanur,
Xublara adət nədən, lələ müdam hindu tutar.

Müshəf açdım, falıma gəldi camalın ayəti,
Əhli-tövhidin kəlamı falımı niku tutar.

Ləblərinin şərbətindən bir qədəh sun, saqiya,
Ləlini içdi Nəsimi, hər zaman bir ku tutar.