Ah eylədiyim nəşeyi-qəlyanın üçündür

Ah eylədiyim nəşeyi-qəlyanın üçündür (1906)
Müəllif: Mirzə Ələkbər Sabir
satira
Mənbə: Mirzə Ələkbər Sabir. Hophopnamə. İki cilddə. I cild (PDF) (az.). "Şərq-Qərb". 2004. ISBN 9952-418-26-1. 2017-06-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-18.


Ah eylədiyim nəşeyi-qəlyanın üçündür,
Qan ağladığım qəhveyi-fıncanın üçündür;

Vəz eylədiyim hədyəvü ehsandan ancaq
Ümdə qərəzim kisəvü həmyanın üçündür;

Sərkəştəliyim xirməni-buğdalar ucundan,
Aşiftəliyim sərvətü samanın üçündür;

Fərş eylədiyim sinəmi hər gün qədəmində,--
Kəskin təməim süfrədəki nanın üçündür;

Bimar tənim küftəvü bozbaş ələmindən,
Xunin ciyərim dolma-badımcanın üçündür;

Ağzım dolusu neməti-firdovs dedikdə,--
Boşqabda qara gözlü fisincanın üçündür;

Vəsf eylədiyim zövqlə ənhari-behişti,--
Kövsər məzəli şərbəti-reyhanın üçündür;

Gördüm ki, plov bişmədədir, aclığa dözdüm,
Bildim bu tədarük şəbi-ehsanın üçündür.

Ax, bircə görəydim səni, ey sevgili varis,
Meylim sən ilə dəsti-zərəfşanın üçündür!

Münimlərə can ver, könül, uyma füqərayə,
Sinəmdə səni bəslədiyim anın üçündür.

Ahın şərəri etməz əsər bir kəsə, Hop-hop,
Bu od sənin ancaq alışan canın üçündür....

Yan, dinmə, sən Allah!
Qan, dinmə, sən Allah!
Həq söyləmiş olsan,
Dan, dinmə, sən Allah!