Ah eylədiyim sərvi-xuramanın üçündür
Ah eylədiyim sərvi-xuramanın üçündür Müəllif: Məhəmməd Füzuli |
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.114. |
Ah eylədiyim sərvi-xuramanın üçündür,
Qan ağladığım qönçeyi-xəndanın üçündür.
Sərgəştəliyim kakili-mişkinin ucundan
Aşüftəliyim zülfi-pərişanın üçündür.
Bimar tənim nərgisi-məstin ələmindən,
Xunin ciyərim ləli-dürəfşanın üçündür.
Yaxdım tənimi vəsl günü şəm tək, əmma
Bil kim, bu tədarük şəbi-hicranın üçündür.
Qurtarmağa yəğmayi-qəmindən dilü canı,
Səyim nəzəri-nərgisi-fəttanın üçündür.
Can ver, könül, ol qəmzəyə kim, bunca zamanlar,
Can içrə səni bəslədiyim anın üçündür.
Vaiz bizə dün duzəxi vəsf etdi, Füzuli,
Ol vəsf sənin külbeyi-əhzanın üçündür.