Ah ki, o itmiş gözəldən pirəhən peyda deyil

Ah ki, o itmiş gözəldən pirəhən peyda deyil
Müəllif: Abbasqulu ağa Bakıxanov


Ah ki, o itmiş gözəldən pirəhən peyda deyil,
Pirəhən yox, bəlkə bir beytül-həzən peyda deyil,

Bənzədibdir gülşəni bütxanəyə bu lalə, gül,
Laləüzlü, gülsifət bir bütşikən peyda deyil.

Mən çəmənzar içrə bu abi-rəvani neylərəm.
Burda ki, bir səbzəxət, şirin dəhən peyda deyil?!

Şaxəsindən güllərin mən almaram peymanəni,
Əldə sağər saqiyi-nazikbədən peyda deyil.

Səbzə örtmüş ruyini bir tazə pərdəylə, neçin,
Səhnəsində bir gözəl xoş yasəmən peyda deyil.

Bülbülün avazəsi gülzaridə verməz fərəh,
Çünki, bir canlar alan şirinsüxən peyda deyil.

Sevgisi bir nəqşdir könlündə Qüdsinin inan,
Orda bişək hiyləgər bir Əhrimən peyda deyil.