Al indi
Müəllif: Xəstə Qasım
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

 
Nə müddətdi həsrətini çəkirdim,
Zənəxdanı etdin mənə al indi.
Talan salmış Hində, Bəlxə, Həbəşə,
O qaş indi, o göz indi, xal indi.

Məclisində al şərablar içilir,
Buxağından ətri-güllər saçılır,
Dindirəndə dəhanından açılır,
Şəkər indi, nabat indi, bal indi.

Qurban olum ənisinə, elinə,
Zəmişan şəddəsin çalmış belinə,
Payəndazdı nazlı yarın yoluna,
Bu baş indi, bu can indi, mal indi.

Yar getdiyi atlas ilə xaradı,
Məni qoyub özgələrə varadı,
Ay ağalar, mənim baxtım qaradı,
Kitab açdım, belə gəldi fal indi.

Xəstə Qasım, dost kuyinə varanlar,
Namus anlar, qeyrət anlar, ar anlar,
Hərf içində əlif idim, yaranlar!
Fələk əydi qəddim, oldum dal indi.