Alaşa
Müəllif: Aşıq Nəsib

Yatdın suda, ay maşallah,
Nə xoşdu halın, Alaşa.
Toz-torpağa, quma-gilə
Batıbdı yalın, Alaşa.

Yazıq colpa mat qalıbdı,
Çarığına su dolubdu.
Deyən ağlı azalıbdı,
Çox qeylü-qalın, Alaşa.

Sənlə nahaqdan öyündüm,
Nəsibəm ucadan endim.
İslanlıb cücəyə döndüm,
Varmış zavalın, Alaşa.