Rəvayətlər. Alabaxta quşu
Müəllif: Şifahi xalq ədəbiyyatı


Keçmiş əyyamlarda bir qız varmış. Bir bəy oğlu da qıza bənd olubmuş. Amma Alabaxtanın onu görməyə gözü yoxmuş. Bəy oğlu bilir kin, bu söyda baş tutan deyil. İstəyir bir aralığı xəlvətə salsın, qızı götürüb qaşsın. Bəy oğlu Alabaxtanı çox izləyir, çox fürsət gözləyir. Axır günlərin bir günündə Alabaxtanı təklikdə tutur. Cumur onun üstünə kin, atın tərkinə alsın, aradan çıxarsın. Nə qədər çalışırsa, qızı atın tərkinə qaldıra bilmir. Bəy oğlu görür kin, bu xəbər hər yana yayılacaq, biyabır olacaq kin, bir qız nədi, qaçırda bilmədi. Ona görə də Alabaxtanı elə oradaca öldürür. Ancaq bəy oğlu Alabaxtanın ölüsünü görə bilmir. Qız quş olub uçur. Alabaxta adlı quş bəy oğlunun öldürdüyü həmin qız imiş. İndi bu quş koldan-kola uçauça hal-qəziyyəsini car çəkib oxuyur, bəy oğluna nifrin yağdırır:

Alabaxtayam, Alabaxta,
Sinəm olub taxta-taxta.
Məni vuran bəy oğlu,
Qan qussun laxta-laxta.

Alabaxtanı vurmaq, ona daş atmaq olmaz. Yoxsa qarğıyar. Alabaxtanın qarğışı da tez keçən olur.

Mənbə

redaktə