Aldatdı məni
Müəllif: Zəlili
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.


Əvvəl başda çirkin dünya
Saz ilə aldatdı məni.
Dilbər gəlinə bənzəyib,
Naz ilə aldatdı məni.

Qafil olub, qaynab daşdıq,
Şeytanın şərinə keçdik,
Çox oyunlu eşqə düşdük,
Baz ilə aldatdı məni.

Fayda dedilər ziyanı,
Görkəzib altun kiyanı.
Yox ikən sonu, payanı,
Söz ilə aldatdı məni.

Dünya ulu qıza bənzər,
Görkəzdilər onu bizə.
Rahat verməz, saldı azar,
Üz ilən aldatdı məni.

Dünya əvvəl özün öydü,
Tutam dedim üzün sövdü,
Xivəyədək yurddan qovdu,
Duz ilə aldatdı məni.

Bu məkana qonan köçdü,
Neçə çıraq yanıb keçdi,
Saysız illər gəlib keçdi,
Yaz ilə aldatdı məni.

Zəlili çəkdi cəbrini,
GÖrmədik yaxşı dövrünü,
Yad etdirib Gürgəni,
Boz ilə aldatdı məni.