Allahın Adəm və Həvvanı Cənnətdən çıxarması
Rəvayətlər. Allahın Adəm və Həvvanı Cənnətdən çıxarması Müəllif: Şifahi xalq ədəbiyyatı |
Allah-taala Adəmlə Həvvanı yaradır, deyir:
– Gedin Cənnətdə yaşayın.
Şeytan deyir:
– Xudavəndi-aləm, mən yetmiş ildi sənə itaət eləyirəm, məni Cənnətə qoymursan, amma bu gün torpaqdan yaratdıqlarını Cənnətə göndərirsən?
Allah deyir:
– Məlun, mənim işimə qarışma!
Şeytan deyir:
– Onda mənim muzdumu ver, çıxım gedim.
Allah deyir:
– De görüm, məndən nə istəyirsən?
Şeytan deyir:
– De ki, Allahlığıma and olsun, nə istəsən verəcəm...
Allah deyir:
– Allahlığıma and olsun, nə istəsən verəcəm.
Şeytan deyir:
– İnsanın yetmiş iki damarını mənə ver. Bir də mənə ölüm vermə.
Allahın əlacı kəsilir, deyir:
– Yaxşı, verdim, sənə ölüm yoxdu, get.
Şeytan gedir, bir dua oxuyub düşür Cənnətə. Adəmlə Həvvanı yoldan çıxardıb, onlara bir dilim qovun yedizdirir. Allahın qəzəbi tutur, Adəmlə Həvvanı Cənnətdən çıxardır.