Allahın nemətləri

Allahın nemətləri
Müəllif: Mirzə Əli Möcüz

Gözün aç, Möcüza, qıl bir nəzər əltaf yəzdanə,
Tamam etmiş xuda nemətlərin biz əhli-İrəna.
Çubuq, siqar və qəlyan verib, həm bəng, həm əfyun,
Şərabü çayü qəhvə, meykədə, həm şirəkeşxanə.
Yaratmış mehriban allah hər əsnafə belə bir daş,
Səqət, Təbrizi, Zəngani düsəd[1], bəh-bəh bu ovanə!
Təsuci, Xungəri, Dilmani, Tehrani təalallah….
Və səngi Ərvənəq, put afərin olsun o rəhmanə.
Və Şah əbdul Əzimü, Kazimeynü Kərbala, Məkkə,
Xorasan, Samirə, Bağdad, Mədinə, Şamşahanə.
Yaratmış bir peyəmbərlə bərabər bir sürü imam
Və bir dəccal, həm bir Sahibzaman biz əhli-İranə.
Pazəhri, qırmızı, ağ, göy, yaşıl, sarı, qərə səqqəl
Səri üryan, miyanbirçək bənaguş, anladın, ya nə?….
Orucluq, mahi-matəm, ərbəinü, ruzi aşura,
Kəfən, qəddarə, meydan, təbl, istehzayi-biganə.
Dəxi etmiş nələr ehsan xüsusən bizlərə xaliq?
Fəqanu naləvü zəncirü sillə, qəlbi viranə.
Bizə etmiş fəqət əşki-bəsərlə rozəxan ehsan,
Nə türkə eyləmiş ehsan, nə əfqanə, nə yunanə.

İstinadlar

redaktə
  1. İranda hər şəhərin özünəməxsus çəki daşı olmasına işarədir