Allah (Mirzə Əli Möcüz)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Allah
Müəllif: Mirzə Əli Möcüz


Bir az istər ayıla milləti-İran, allah!
Dəsti yorğanı çəkər başına mollan, allah!

Yatdı nadan, qoyub səcdəyə başini axund
Dedi: Ey cismimə can, dərdimə dərman, allah!

Yaradıbsan mənə, yarəb, nə həməl heyvanlar-
Minməsi, sürməsi, yük çatması asan, allah.

Əql verrəm,-deyə vəd etdi bu biəqlə xuda,
Bilmirəm noldu sora, oldu peşiman allah?

Deyisən: Etmə nəzər arizi-xubanə tərəf,
Niyə bəs xəlq olunub bir belə canan, allah?!

Yaradıbsan ələfi ta edə xurak heyvan,
Xəlq edibsən gülü həm iyliyə insan, allah.

Gülşəni-hüsni edib xari-şəriət qarət,
Gör nə pis halə qalıb sibi-zənəxdan, allah!

Şeyxəna, tazə əlifba ilə çox eyləmə cəng,
Düşməni-din odu, bax, orda, nə sübhan allah!

Gör necə həmlə edir iğ-bığı biçarəyə bu,
Cəng edir şəst ilə guya, bu komandan, allah!

Kaş sən də, üşüyəydin, belə məxluq kimi,
Ta biləydin nə çəkir qış günü üryan, allah!

Demirəm bu lütə bir dəst libas eylə əta,
İki arşın şilə ver, eyliyə tuman, allah!

Vermisən bir aca otuz iki diş-misli-sədəf:
Olmasa dən, nəyə lazımdı dəyirman, allah?!

Görsənir daireyi-isməti bu acizənin,
Gülməyim mən necə, ey xaliqi-mənnan, allah!

Fərci-Həvvayə baxıb, güldü tamam hurilər,
Çün soyundurdu onu xazini-rizvan, allah.

Baği-rizvandan ötürdün eşiyə tumançaq,
Kaş Adəm yeməyәydi iki buğdan, allah!

Nə günah sahibidi bu iki yaşında uşaq,
Qarnı ac, paltarı yox, ay sənə qurban, allah!

Börkü yox, başmağı yox, peykəri üryan, bikəs
Dolanır kuçəvü bazarı pərişan, allah!

Səni raziq bilib əkdi bunu biçarə kişi,
Bilmədi axır acından verəcәk can, allah!

Ey verən bir səlavətə iki min qəsri-tila,
Evin abad ola, ey sahibi-ehsan, allah!

O imarətləri sat, tök füqəranin cibinə,
Ver o puldan mənə də bir-iki tümən, allah.

İki buğdan yeyib Adəm neçə min il əvvəl,
Hələ də eyliri rüsvay onu Quran allah.

İstəyirdi biri məsciddə xudadən yorğan,
Gördüm ağlar, deyər: "Ey qadiri-mənnan, allah!"

Dedim: Axmaq kişi, gündə sənə bir danə lavaş
Verə bilmir, necə versin hələ yorğan, allah?

Ya gərək qoymayasan aduvu rəhmanü, rəhim,
Ya gərək eyləyəsən ədl ilə divan allah!

Balı xəlq eyləmisən yoxsulu çatdatmaq üçün,
Düzdü bu söz, demirəm mən sənə böhtan, allah!

Əlli yaşında Rəhim bal yeməyib bircə kərə,
İldə yüz yol yeyər əmma hacı Rəhman, allah!

Möcüzün bari-sitəm qamətini etdi kəman,
Öldüm axir, yerə gəlsin görüm arxan, allah!