Altmış illik ömrüm oldu səndə bərbad, Ərdəbil!

Altmış illik ömrüm oldu səndə bərbad, Ərdəbil!
Müəllif: Mirzə Ələkbər Sabir
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 81. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04.


Altmış illik ömrüm oldu səndə bərbad, Ərdəbil!
Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil!
Zənn edirdim mən bütün aləmdə Irandan səva,
Bir fərəhabad yer yoxdur о samandan səva,
Övrət olmaz hüsndə Fatma, Tükəzbandan səva,
Var imiş Rusiyyədə min-min pərizad, Ərdəbil!
Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil!

Ey vətən, huri görürdüm səndəki övrətləri,
Derdim ol hurilərin sənsən yəqin cənnətləri,
İndi heyranam baxıb gördükcə bu lö’bətləri,
Hər birində başqa ləzzət, başqa bir dad, Ərdəbil!
Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil!

Haliya Bakudəyəm, Baku demə bir xüldzar,
Xassə dərya sahili: bir lö’bətistani-tatar,
Hər tərəf ağ-çağ madamlar, bir-birindən gül’üzar,
Türfə dilbər, töhfə bir şey, yaxşı bir zad, Ərdəbil!
Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil!

Min mənim tək kablayı bir Sonyanın dildadəsi,
Min mənim tək pakdin bir rumkanın iftadəsi,
Min mənim tək mö’minin bilməm nolub səccadəsi,
Bəndəlik qeydin qırıb, olmuşdur azad, Ərdəbil!
Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil!

Beş deyil, on beş deyil, hər yan baxırsan, – var madam:
Ev madam, mənzil madam, balqon madam, talvar madam,
Sirk madam, qastin madam, passaj madam, bulvar madam,
Müxtəsər, əqlim çaşıb, ey dad-bidad, Ərdəbil!
Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil!

Gərçi İrandan çıxarkən başqa idi niyyətim,
Niyyətim kəsb idi, vardı kəsbi-karə qeyrətim,
Qeyrətim razı deyildi ac dolansın külfətim;
Yox gözümdə indi nə külfət, nə övlad, Ərdəbil!
Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil!

Bəs ki, artır1 bunları gördükcə hər dəm rəğbətim,
Rəğbətim artırsa da, lakin qavışmır həsrətim,
Həsrətim bir şeyədir, ancaq düzəlmir halətim!
Halətim təskini-nəfsə qılmır imdad, Ərdəbil!
Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil!

Qorxudurdu çıxmamışkən ölkədən qürbət məni,
Çulğayıbmış qəflətimdən vəhşətü dəhşət məni,
İndi bu gördüklərimdən mat edib heyrət məni,
Özlüyümdən çıxmışam, əfsus!.. fəryad!.. Ərdəbil!
Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil!

Tazədən bərgəşt edib bir də cəvan olsaydım, ah!
Şıq geyimli bir cəvani-xoşnişan olsaydım, ah!
Bu pərilərlə doyunca həmzəban olsaydım, ah!
Dəhrdə beş gün yaşardım xürrəmü şad, Ərdəbil!
Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil!