Altmış yaş nədir hələ...
Altmış yaş nədir hələ... (2014) Müəllif: Araz Yaquboğlu |
Bugünkü kimi yadımdadır. 2007-ci ildə Tacir Səmimi ilə “Nurlan” nəşriyyatında tanış olduq. O öz kitabını, mən isə əmim Sərraf Şiruyənin kitabını çapa verirdim. Sözümün canı odur ki, Zakir Şəhriyazla tanışlığıma Tacir müəllim səbəb olub. Belə ki, 2008-ci ildə AMEA Folklor İnstitutu elmi şurasının qərarı ilə çap olunan “Daşkənd aşıqları və şairləri” kitabımdan Tacir müəllimə hədiyyə etmişdim. Həmin günün səhəri Tacir müəllim mənə zəng vurub dedi ki, Araz o kitabdan Zakir də istəyir. Və əlavə etdi ki, Zakir Dərələyəz mahalındandır. Ona sənin kitabın haqqında danışdım. Dedi ki, Şiruyə müəllimin məndə “Ağlama, bülbül ağlama” kitabı var. İstərdim ki, bu kitab da məndə olsun ki, Daşkəndli aşıq və şairlərin yaradıcılıqları ilə ətraflı tanış olum. Sözsüz ki, kitabdan Zakirə göndərdim. O da əvəzində mənə “El başına dolanardım bir vədə” adlı kitab göndərmişdi. Kitabın müəllifi Zakir Şəhriyaz idi. Təxəllüs mənə çox maraqlı gəldi. Açığı birinci dəfə idi ki, belə təxəllüslə qarşılaşırdım. Kitabdakı divaniləri, gəraylıları, qoşmaları oxuduqca mənə çox doğma gəlir, elə sanırdım ki, hansısa bir Göyçəli şairin şeirlərini oxuyuram. Şeirlər o qədər rəvan təblə, xalq dilinə, folklora yaxın yazılmışdı ki, mütaliə olunduqca adamın ruhuna hopurdu. Bax beləcə şeirlər məni Zakir Şəhriyaz poeziyasının vurğunu etdi. Elə Zakir Şəhriyaz şeirlərinə vurğunluğumdandır ki, baş redaktorun müavini olduğum “Laçın yurdu” jurnalında onun “Yurduma”, “Mən orda”, “Daldalandı” və “Yanağına” şeirlərini çap etdirmişəm (“Laçın yurdu”, №3(6), 2012. səh.66).
Onun qələmindən demək olar ki, istənilən klassik aşıq şeiri üslublarında əsərlər yaranıb. “Bütöv Azərbaycan”, “Vedibasar”, “Dərələyəz”, “Elimiz. Günümüz” və başqa qəzetlərdə publisistik yazılarını, elmi araşdırmalarını daimi oxumuşam. Onun yazılarının əsas qayəsini indiki aşıqların şeirləri düz oxumamaları və ciddi təhriflərə yol vermələridir. O, aşıq yaradıcılığı və ifaçılığını mükəmməl bilir. Ta qədimdən başlamış günümüzə qədər olan aşıqlardan elə biri olmaz ki, Zakir Şəhriyaz onun həyat və yaradıcılığından xəbərdar olmasın.
Bu il oktyabr ayının 10-da Zakir Şəhriyazın 60 yaşı tamam olur. Bu münasibətlə şairi təbrik edir, ona can sağlığı diləyirəm.
Əziz yubilyar, əziz qələm dostum! Aşıq Alı demişkən “Əllini aşırdın yüzə nə qaldı”. Bir mahnıda deyildiyi kimi, “Altmış yaş nədir hələ”? Mən sənə firəvan ömür arzu edirəm. Arzu edirəm ki, övladlarınla, nəvələrinlə, doğmalarınla qayğısız günlər keçirəsən.