Aman günüdü
Müəllif: Şair Əbülfət
Mənbə: Sazlı-sözlü Göyçə (II kitab) (az). Elm və təhsil (2018). Orijinal mənbədən 2018-06-01 tarixində arxivləşdirilib. Yoxlanılıb 2018-06-01.

Nə fərmandı, bu nə yoldu, bilmirəm,
Uğur verin, yollar, aman günüdü!
Ətrinizdən doymamışam hələ mən,
Saralmayın, güllər, aman günüdü!

Dərd əlindən ha incidim, nazildim,
Öncül idim, qatarımdan üzüldüm,
Fələk vurdu, qürbət elə yazıldım,
Unutmayın, ellər, aman günüdü!

Vaxtsız əcəl heç qapını döyməsin,
Xudam özü öz quluna qıymasın!
Yaman günlər qəddimizi əyməsin,
Dağılmayın, tellər, aman günüdü!

Dərd şahıyam, qəmdən təxtü tacım var,
Aləm bilir, yaman ağrı-acım var,
Gözü yolda qardaşım var, bacım var,
Üzülməyin, əllər, aman günüdü!

Çarxı-fələk hər bir işdən halıdı,
Bəlkə yolum gedər-gəlməz yoludu?
Mən gəlincə sonam sizdə qalıdı,
Qurumayın, göllər, aman günüdü!

Dua qılın, haqq evinə yetirsin,
Yaradanı zülmü yerdən götürsün.
Həsrətlini bir-birinə çatdırsın,
“Amin” deyin, dillər, aman günüdü!

Əbülfətəm, könlüm yaman dardadı,
Çahar fəsil günüm ahü zardadı.
Qohum-qardaş heç bilmirəm hardadı,
Xəbər verin, yellər, aman günüdü!