Amandı (Molla Cuma)

Amandı
Müəllif: Molla Cuma
Mənbə: "Aşıq təcnisləri" (şeir antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, 2022.

Hüzuruna gəldim, gözəllər şahı,
Bu xabdan gözlərim oyat, amandı.
Dilin fəsih etmiş qadir Allahı
Şux danış bir neçə ayat, amandı.

Mən içdiyim Xızır Nəbi verəndi,
O səbəbdən bu şad könlüm virandı,
Şəkkin varsa, qoy qabağa ver andı,
Aradan pərdəni ay at, amandı.

Güləbatın zülfdən bağışla mənə,
Dərməyə bəhərin bağışla mənə,
Oyatdım yuxudan, bağışla mənə,
Cumaya sarmaşıb a yat, amandı.