Ana, Mövlam mənə buta veribdi

Ana, Mövlam mənə buta veribdi
Müəllif: Aşıq Abbas Tufarqanlı
Mənbə: Məhərrəm Qasımlı, Mahmud Allahmanlı. "Aşıq şeirinin poetik biçimləri və çeşidləri" (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2020-04-13.

 
Ağalar ağası, ağalar xası,
Ana, Mövlam mənə buta veribdi.
Düldülün sahibi, Qənbər ağası,
Ana, Mövlam mənə buta veribdi.

Haca gedər hacıların hacısı,
Bilən olmaz şirin ağzın acısı,
Mənim yarım Məmməd bəyin bacısı,
Ana, Mövlam mənə buta veribdi.

Mənim ağam Şahi-Mərdan Əlidi,
Hökm eyləsə düşmən bağrın əridi,
Abbas deyər, yarım adı Pəridi,
Ana, Mövlam mənə buta veribdi.