Ana və bala
Ana və bala Müəllif: Abbas Səhhət |
Oturmuş ana,
Basmış bağrına –
Nazlı körpəsin,
Layla der ona.
Uşaq yatmayır,
Baxır, ağlayır,
Anası onu
Bu cür oxşayır:
“Dağda darılar,
Sünbülü sarılar,
Qoca qarılar,
Bu balama qurban.
Dağda tağanlar,
Bir-birin boğanlar,
Oğlan doğanlar,
Bu balam qurban.
Bir bölük atlar,
Atlar göy otlar,
Ərsiz arvadlar,
Bu balama qurban.
Dağın maralı,
Gözü qaralı,
Dünyanın malı,
Bu balama qurban”.