Ana və oğul (Abbas Səhhət)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Ana və oğul
Müəllif: Abbas Səhhət


Hər sabah gün ki, saçar aləmə nur,
Danədən ötrü uçar cümlə tüyur,
Quşlar ol dadlı civiltilə oxur,
Aç gözün uyqudan, ey tifli-qəyur.
Yatma bu payədə rahət, a çocuq!
Etmə tənbəlliyi adət, a çocuq!

Gün çıxıb dağü-daşa nur səpər,
Hamı dünyada çalışmağın sevər,
Hərə bir səmtə gedər əhli-hünər.
Ana övladına şəfqətlə deyər:
Yatma bu payədə rahət, a çocuq!
Etmə tənbəlliyi adət, a çocuq!

Yanaşar bəstəri-ətfala nan,
Uyqudan yavrusu istər oyana,
Əyilər ta üzü-üzə dayana,
Çox yavaşca söyləyər onda ona:
Yatma bu payədə rahət, a çocuq!
Etmə tənbəlliyi adət, a çocuq!

O gəzəl, sevməli, ol nurlu bəbək,
Uyqusundan oyanar əsnəyərək,
Didə məxmur, özü misli-mələk,
Madəri onda edər böylə dilək:
Yatma bu payədə rahət, a çocuq!
Etmə tənbəlliyi adət, a çocuq!