Analar bəzəyi (Gər olsa nisadə elmü irfan)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Analar bəzəyi Müəllif: Mirzə Ələkbər Sabir |
Gər olsa nisadə elmü irfan
Övladə edər bu yolda iman.
Əksi olaraq bu müddəanın,
Olmaz isə elmi bir ananın –
Övladə çatar haman cəhalət,
Nə əql olur onda, nə fərasət;
Bitərbiyəliklə tifli-məsum
Axırda olur səfilü məşum;
Saridir çünki işbu halət, –
Həmcinsinə eyləyər sirayət.
Gözlənsə gərək hüquqi-nisvan,
Ta kamil ola vüsuqi-nisvan.
Elm ilə olur hüsuli-izzət,
Elm ilə olur nüfuzi-millət.
Elmə çağırır bütün əvamı
“Əl-elmü fərizətün” kəlamı.
Mənbə
redaktə- Mirzə Ələkbər Sabir, Hophopnamə. Bakı, "Turan" nəşrlər evi, 2002. səh. 298