Anamın Məşhəd səfəri

Anamın Məşhəd səfəri (2015)
Müəllif: Araz Yaquboğlu
Mənbə: Araz Yaquboğlu. "Anamın Məşhəd səfəri" (PDF). Laçın yurdu. Bəxtiyar-4. 3(18). 2015: 56–57.

Müqəddəs yerləri ziyarət etmək hər bir insanın arzu-istəyi, Kəbəni ziyarət etmək isə hər bir müsəlmanın borcudur. Əmim oğlu Hacı Ədalətin qızını və nəvəsini Təbrizə həkimə aparmaq, oradan isə Məşhəd şəhərinə gedərək oranı ziyarət etmək istəyinə anam Əsmətel xanım da qoşuldu. Bizimlə məsləhətləşəndən sonra onun da həm həkimə yoxlanılmaq, həm də çoxdandır arzusunda olduğu Məşhəd şəhərini ziyarət etmək imkanı yaranmışdı. Açığı neçə il idi ki, anam Bakıda müalicə olunsa da, müəyyən ağrıları qalmaqda idi.

Bu yazını yazmağa bəlkə də heç lüzum yox idi. Lakin anamın səfər zamanı düşünülmüş şəkildə özü ilə qeyd dəftərçəsi götürməsi, hər gün axşam oturub gündəlik yazması məni bu yazını yazmağa həvəsləndirdi.

2014-cü ilin sentyabrında anam yaxın qohumlarımız Hacı Ədalət, Rafiq, Samir, Fatma (Fema), İlhamə, Nuranə və İsmayıl ilə birlikdə İrana yola düşüblər. Səfər barədə əlavə heç nə yazmadan elə sözügedən gündəliyi təqdim etməyim kifayətdir.

23 sentyabr. Səhər saat 5-də evdən çıxdıq. Saat 9:30-da Biləsuvara çatdıq. Yemək yedik. Qızım Rəfiqə ilə danışdım. Günorta saat 1-ə kimi gömrükdən keçdik. Ən azı 10 yerdə pasport yoxladılar. Hər yerdə “başını bağla” deyirlər. Saat 13:00-da taksi ilə Təbrizə yola düşdük. Saat 15:30-da Savalan dağının ətəyində yemək yedik (əgər yemək demək mümkünsə). Buradan başı qarlı Savalan dağı çox gözəl görünür. Axşam saat 6-da Təbrizə çatdıq. İki saat sonra otelə yerləşdik. Biləsuvardan Təbrizə 400 km yol getdik. Yolların kənarı bizim Göyçəni xatırladır. Amma dağlar bombozdur. Axşam saat 23:00-da yatdıq.

24 sentyabr. Səhər saat 7-də oyandıq, səhər yeməyi yedik. Saat 10-da yoldaşlarımdan bir neçəsi getdi gəzməyə. Mən aşağı düşdüm, başım hərləndi, qayıtdım otelə. Nuranə, İlhamə və mən oteldə oturduq. Axşam saat 22:00-da həkimə getdim. Saat 24:00-da otele gəldim və yatdıq.

25 sentyabr. Səhər saat 8-də yuxudan durub səhər yeməyi yedik. Dərmanlarımızı alıb sonra “Lalə park”a getdik. Bu park Bakıdakı “28 Mall” kimidir, onu xatırladır. Bir az gəzdikdən sonra nahar yeməyi yedik. Bu gün Məşhədə bilet olmadı. Sabah saat 5:00-a bilet aldıq. Təbrizdən Məşhədə 1600 km-dir.

26 sentyabr. Səhər durduq. Yemək yeyəndən sonra getdik şəhərə gəzməyə, xalçalara baxdıq. Həqiqətən də Təbriz xalçaları gözəlliyi ilə göz oxşayır. Mən konfet və bir-iki xırda-xuruş şey aldım. Saat 5:00-da avtovağzaldan Məşhəd şəhərinə yola düşdük. 23:30-da Zəncan şəhərinə çatdıq.

27 sentyabr. Saat 3:00-da – 22 saatdan sonra Məşhədə çatdıq. Otelə getdik. Çay içib saat 5:00-da ziyarətə getdik. Məşhəd biz şiələrin müqəddəs şəhəridir. Çoxlu tarixi binalar, məscidlər adamı heyran edir. İmam Rzanı ziyarət etdik. Ziyarət zamanı özümü çox yaxşı hiss etdim. Ziyarətdən sonra gəldik bazara. Bir az şəhəri gəzib gəldik otelə. Ərdəbilə sabah üçün bilet aldıq. Bu gün Məşhəd şəhərində mənim 63 yaşım tamam oldu.

28 sentyabr. Səhər yenə ziyarətə getdik. Sonra yenə bazara getdik. Saat 2-də taksi ilə avtovağzala gedib, Ərdəbilə yola düşdük. 24 saat yol getməliyik.

29 sentyabr. Yolumuz bir az uzandı deyə Ərdəbilə çatmadıq. Getsəydik onda gömrük yoxlanışına çatmırdıq. Saat 2-də çatdıq İran Astarasına. Astarada düşdük. Oradan Astara gömrüyünə 20 dəqiqəlik yoldur. Gəldik ora, gömrükdən çox çətin keçdik. Adam çox idi. Birtəhər saat 5:00-da keçid məntəqəsindən keçdik. Gecə saat 2:00-da evə çatdıq. Vəssalam. Bu da bizim 7 günlük İran səfərimiz...

Bu əsərin müəllifi (və ya müəllif hüquqlarının sahibi) onu yaymaq, dəyişmək və hüquqi sahibinin məlumatlarını saxlamaqla (orijinal müəlliflik və/və ya mənbəyə istinad) əsəri istənilən məqsəd (həmçinin kommersiya) üçün istifadəyə icazə verir.