Anama (Əmin Abid Gültəkin)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Anama (Əmin Abid Gültəkin)
Müəllif: Əmin Abid Gültəkin
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

İstanbul məktubu

Bilirsən ki ana uzaqda qaldım,
İllər aramızda oldu bir yığın,
Bir yarpaqdım, düşdüm torpaqda qaldım,
Nərdədir, nərdə o müşfik qucağın?
Dərdlərim çox böyük, ağırdır ana!
Dinləyən yox, hər şey sağırdır ana!

Barı sən mənə bir azacıq acı,
Sən dinlə ruhumu gəmirən dərdi.
Bir cəhənnəm indi içimdə acı
Qədər əli mənə gör nələr verdi...
Hər şeyə baş əyən deyildim ana!
Sevginin önündə əyildim ana!

Doğduğum zamandan bəri mənim də
Bir məşuqəm vardı, cananım vardı...
Şimdi bilməm ki, o hankı iqlimdə,
Hanki bir yabançı könülə vardı..
Mən ki eşqlə pək yorğunam ana!
Vurğunam hüsnünə, vurğunam ana!

Ana, sən daha çox yaxınsan ona,
Get bildir ki, hələ əsiridir can.
Bilməyirsən əgər sor da qonşuna,
Sevdiyimin ismi: şən Azərbaycan!
Azərbaycan mənim gözəlim ana!
Azərbaycan mənim əməlim, ana!

Get onun bağrına üzünü sürt də,
Rusun çeynədiyi torpağını öp.
Azəri oğlunun böyük ümidə
Gömdüyü üç rəngli bayrağını öp!
Bəlkə də ölərəm qürbətdə ana!
Ruhumsa qalmasın həsrətdə ana!