And olsun (Mikayıl Müşfiq)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
And olsun Müəllif: Mikayıl Müşfiq |
Şairləri qanadında bəsləyən
İnsanların həyatını süsləyən
İncə ruhlu mələklərə and olsun!
Boynundakı dalğa-dalğa tellərə,
Qaşlarının altındakı sellərə,
Qəlbindəki istəklərə and olsun!
Gül üzündə yeni-yeni açılmış,
Xoş iyisi ürəyimə saçılmış
Qoxladığım çiçəklərə and olsun!
Qumruların yatağını oxşayan,
Pişik kimi ayağını oxşayan
Salxım-salxım küləklərə and olsun!
Buludlardan ildırımlar çaxdıran,
Göy üzündə çırağbanlar yaxdıran
Ala gözlü şimşəklərə and olsun!
Həp səninlə görüşməkdir diləyim,
Uğurunda gecə-gündüz çəkdiyim
Zəhmətlərə, əməklərə and olsun!
Gəncliyimə qanad verən, ruh verən,
Hər dəqiqə ayrı cilvə göstərən
Əlirişməz diləklərə and olsun!
Bu həyatın fərqi yoxdur dənizdən,
İştə onun üzərində rəqs edən,
Qanadlanan ürəklərə and olsun!
Sənsən mənim həyatımın məhvəri,
Sənsən mənim gənc ömrümün rəhbəri,
Tapındığım fələklərə and olsun!