Apardı könlümü bir çeşmi-məxmur
Apardı könlümü bir çeşmi-məxmur Müəllif: İmadəddin Nəsimi |
Mənbə: İmadəddin Nəsimi. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, "Lider nəşriyyat", 2004. səh.251. 22 avqust 2017 tarixində arxivləşdirilib |
Apardı könlümü bir çeşmi-məxmur,
Kim ola istəməz ol hüsnə məğrur.
Şərabi-lə’linizdən cür’ə içdi,
Ənəlhəq çağırır eşqində Mənsur.
Həqin əsrarını mən anda gördüm
Ki, Musa söylər idi bər-səri-Tur.
Sənin eşqində, ey Leylisifətli
Ki, Məcnun olmuşam aləmdə məşhur.
Çü Isa nöh fələk çərxinə çıxdım,
Cahanı sərtasər gördüm pür əz nur.
Nəsiminin cahanda yarı sənsən
Ki, sənsən cənnətü cənnətdəki hur