Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər
Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər Müəllif: İzzəddin Həsənoğlu |
Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər,
Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər.
Mən ölsəm sən, büti-şəngül, sürahi eyləmə qülqül,
Nə qülqül? Qülqüli-badə. Nə badə? Badeyi-əhmər.
Başımdan getmədi hərgiz səninlən içdigim badə,
Nə badə? Badeyi-məsti. Nə məsti? Məstiyi-sağər.
Əzəldə canım içində yazıldı surəti-məni,
Nə məni? Məniyi-surət. Nə surət? Surəti-dəftər.
Şaha şirin sözün qılır Misirdə bir zaman qasid,
Nə qasid? Qasidi-qiymət. Nə qiymət? Qiyməti-şəkkər.
Tutuşmayınca dər atəş bəlirməz xisləti-ənbər,
Nə ənbər? Ənbəri-suziş. Nə suziş? Suzişi-məcmər.
Həsənoğlu sənə gərçi duaçıdır, vəli sadiq,
Nə sadiq? Sadiqi-bəndə. Nə bəndə? Bəndeyi-çakər.