Arpa çayı aşdı, daşdı,
Sel Saranı aldı qaşdı,
Ala gözlü, qələm qaşdı,
Apardı sellər Saranı,
Bir ala gözlü balanı!
Arpa çayı dərin olmaz,
Axar sular sərin olmaz,
Sara kimi gəlin olmaz,
Apardı sellər Saranı,
Bir ala gözlü balanı!
Arpa çayı məni aldı,
Apardı dəryada saldı,
Cilovdarım darda qaldı,
Apardı sellər Saranı,
Bir ala gözlü balanı!
Adaxlı gözlər yolunu,
Boynuna salsın qolunu,
Su aldı sağü-solunu,
Apardı sellər Saranı,
Bir ala gözlü balanı!
Arpa çayı yata gəlir,
Kor yengələr dada gəlir,
Sağrı başmaq suda gəlir,
Apardı sellər Saranı,
Bir ala gözlü balanı!
Gedin deyin Xançobana,
Gəlməsin bu il Muğana,
Muğan batıb nahaq qana,
Apardı sellər Saranı,
Bir ala gözlü balanı!