Arizu eylər könül dildar gəlsin, gəlmədi
Arizu eylər könül dildar gəlsin, gəlmədi Müəllif: Abbasqulu ağa Bakıxanov |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Arizu eylər könül dildar gəlsin, gəlmədi.
Zülfü kafər, gözləri xunxar gəlsin, gəlmədi.
Hər pərivəş cilveyi-hüsn eyləmiş, mən gözlədim,
Dilrübalar fövcinə sərdar gəlsin, gəlmədi.
Canə gəldim bivəfalar ülfətindən, istərəm,
Bir vəfa rəsmində sabit yar gəlsin, gəlmədi.
Dərd-möhnət keçdi həddən, bəs ki, çəkdim intizar,
Gözlədim ol şux gülrüxsar gəlsin, gəlmədi.
Ləhcəyi-canpərvərindən şur salsın aləmə,
Əndəlibi-şaxəyi-gülzar gəlsin, gəlmədi.
İstədim, Qüdsi, deyim vəsfi-camalın dilbərin,
Kuşiş etdim, zinəti-göftar gəlsin, gəlmədi.