Armud bəy
Armud bəy Müəllif: Şifahi xalq ədəbiyyatı |
Biri vardı, biri yoxdu, bir tülkü vardı. Bu tülkü bir gün girrənə-girrənə
gedirdikdə görür ki, bir armud ağacı var. Ağacın altı doludur armudlarla: yetişmiş saralmış armudlar bu ağacın dibinə tökülüb. Tülkü irəli gəlib, görür ki, armud
ağacının dibində bir adam oturub, elə yanına düşəni yeyir, onda aralı düşən armudları isə
götürmür. Tülkü yaxınlaşıb bununla söhbət etmək qərarına qəlir:
– Salam əleyküm.
– Əleykəssalam.
– Sənin adın nədi?
– Adım Armud bəydi.
Tülkü düşündü ki, bu bəy tənbəlliyondən ondan aralı tökülən armuddarı yeməyob, ancaq əlinin yanına düşəni yeyir, gen düşənə də baxa-baxa qalır. Tülkü düşünərək deyir:
– Bilirsən nə var, Armud bəy?
Armud bəy: xeyr bilmirəm.
Tülkü: - Onda qulaq as mən deyim. Mən sənin sığa qardaşlığın olmaq isdiyirəm.
Armud bəy:
– Sən qardaşlıq olan deyilsən. Armudlardan yığ, ye.
Tülkü Armud bəydən aralı tökülən armuddarın hamıaını yığıb, dı, Armud bəyin yanına gətirdir və birlikdə bu armudları yeməyə başlayırlar. Beləliklə, bunlar sığa qardaşlıqlar oldular. Ta tülküdə qaldı bunun yanında. Bular elə armudun dibində olurdular. Tülkü hər gün armudun dəymişlərindən yığıb gətirirdi, yeyirdilər. Bəli, beş gün-on gün belə. Bu tülkü də o qədər kökəldi, ta nətər.
Bı Armud bəyin armud ağacının yaxununda bir əvi vardı, uçuxsökük. Göydən yağan yağış, qar, hər nə olsa, bu evin içinə tökülürdü. Tülkü ayınnan-oyunnan tapır gətirirdi bunun işıq gələn yerlərini tuturdu. Bir babat bırda dolanırdılar.
Armud ta savışdı. Tülkü gedirdi, kənddən-kəsəkdən toyuq, cücə oğurruyur gətirirdi. Bırda bişirib yeyirdilər.
Bir gün bu tülkü gəzirdi. Bir abbası tapdı. Bu abbasını götürdü, getdi padşahın elçi daşının üsdə oturdu. Xəbər getdi padşaha ki, bir tülkü gəlib elçi daşının üstdə oturub. Padşah dedi:
– Gedin görün nə deyir.
Gəldilər dedilər, tülkü nə deyirsən?
Dedi:
– Padşahın abbası çanağın isdiyirəm. Qardaşım Armud bəylə abbası bölürəm.
– Gəlib, padşaha xəbər gətirdilər ki, abbası çanağın isdiyir.
Padşah öz-özünə dedi:
– Bu nə təhər adamdı kı, abbasını çanağı ilə bölür.
Dedi:
– Verin aparsın.
Gətirdilər çanağ verdilər tülküyə. Tülkü çanağı götürdü gəldi bənə-bənə birəz girrəndi. Abbasını qoydu çanağın bir yerinə gətirdi verdi. Padşah baxdı gördü: bəli, abbasının biri çanağın içindədi. Dedi:
– Bu nətər adamdı ki, heç dərbənd olmuyup biri də çanaxda qalıb.
Tülkü çanağı verib qayıtdı, gəldi Armud bəyin yanına.
Dedi:
– Hazır ol, padşahın qızın saa alıram.
Armud bəy dedi:
– Əşi, sən Allah, armuddan-zaddan ye. Açıl mənim başımnan.
Tülkü bir gün də girrənirdı bir qızıl tapdı. Getdi yenə oturdu həmən elçi daşının üsdə. Padşah dedi:
– Gedin görün nə deyir.
Gəldilər tülküdən soruşdular:
– Ay tülkü, nə deyirsən?
Tülkü dedi:
– Padşahın qızıl çanağın verin qardaşım Armud bəylə, qızıl böləcəyik.
Getdilər padşaha dedilər. Padşah məhətdəl qaldı, dedi:
– Gedin verin aparsın.
Gətirdilər çanağı verdilər.
Tülkü çanağı götürdü gəldi bir saata kimi saxladı qayıtdı qızılı qoydu çanağın bir yerinə, gətirdi verdi padşaha. Padşah baxdı gördü, çanaqda da bir qızıl gəlib. Dedi:
– Bu nətər dövlətdidi ki, heç qızıla dərbənd olmuyur, biri də çanaxda qalıb.
Tülkü dedi:
– Qardaş, gərək padşahın qızın saa alam.
Armud bəy dedi:
– Sən olasan o Allah məndən əl çək.
Tülkü dedi:
– Yox, biz axı qardaşıx, gərək onu alam saa.
Armud bəy dedi:
– Bizim nəyimizə padşah qızın verir?
Tülkü dedi:
– O mənim işimdi, sən fikir eləmə.
Durdu gəldi genə həmən elçi daşının üstündə oturdu. Padşaha xəbər apardılar ki, tülkü genə gəlib elçi daşının üstündə oturub. Padşah dedi:
– Gedin gətirin, görək nə deyir?
Gəldilər tülküyə dedilər:
– Padşah səni isdiyir.
Tülkünü apardılar padşahın yanına. Tülkü ədəblə, kamalla, o ki lazımdı, heylə durdu padşahın qabağında. Padşaha baş yendirdi dedi:
– Padşah sağ olsun, gəl sən Allahın əmri ilə o qızını ver mənim qardaşım Armud bəyə.
Padşah dedi:
– Axı heç biz onu görməmişik nətər adamdı. Bir gətir, bır görək sora.
Tülkü gəldi Armud bəyin yanına, dedi:
– Qardaş, padşahın qızın aldım saa, dur gedək.
Armud bəy dedi:
– Ay tülkü, sən mənim başıma nə kələk açırsan?
Tülkü dedi:
– Yox, sənin canın üçün almışam.
Armud bəyi də gətirdi yola. Yavaş-yavaş gəldi bir çayın qırağında bı Armud bəyin əynində olan paltarları təmiz soyundurdu atdı çaya. Qayıtdı kəndə hay saldı ki, gəlin qardaşımı soydular. Bu Armud bəyin də əyninin paltarları tamam cırıx-cırıx, papağın qulağı yox. Buları tülkü elə soyundurub atmışdı ki, lüt qalmışdı. Yığıldılar kənd adamları gəldilər, gördülər bu lüt qalıb. Padşah o saat buna bir dəst padşahyana libas göndərdi. Tülkü bunu geyindirdi. Özünə də tapşırdı:
– Qardaş, səni aparacıyam padşahın yanına. Nəbada otağa girəndə deyikip əyanə-bəənə baxasan. Bir də ortalığa aş qoyulanda əlini uzadıb başınnan sümük götürəsən? Mən ortalıqda gəzinip quyruqumnan vurub çırağın şüşəsin sındıracağam. Çırağı söndürəcəyik, qarannıx olacax, onda sən də ye, nətər isdiyirsən. Heylə qarnını bərkit, çırax yananda az ye, tez çəkil.
Bı dedi:
– Yaxşı.
Getdilər. Armud bəyi atdan düşürdülər. İçəri girdilər Armud bəy əyənə-bəənə devikip şeylərə baxırdı. Dedilər:
– Ay tülkü, sənin bu qardaşın nə çox gah o yana, gah bu yana baxır?
Tülkü dedi:
– O deyir ki, padşahlığınan tikdirdiyi imarata bax?
Padşah məhətdəl qalıb dedi:
– Bu nətər adamdı ki mənim əvimi bəyənmir.
Çox söhbətdən sora ortalığa xörək gəldi. Armud bəy o saat əlin uzatdı xörəyin başınnan bir omba sümüyü götürdü, başdadı gəmirməyə. Tülkü əyənə baxdı, bəənə baxdı bunun əlindən sümüyü aldı atdı çölə. Bir az əyənə-bəənə gəzindi quyruğuynan çırağın şüşəsin vırdı saldı yerə. Çırax keçdi. O saat Armud bəy yedi qarnın doyurdu. Çırax yanan kimi bir iki tikə alıb çəkildi. Padşah camahatı yığdı, bırda şirni içdilər. Bir molla da gətirtdi qızın kəbinin kəsdi Armud bəyə. Qızı qoşunu, kəcabesi və cehizi ilə dəbdəbəli surətdə köçürdülər.
Tülkü yolda kimi gördü dedi:
– Soruşan olsa, deyin Armud bəyindi. Məsələn, naxırçıya, çobana.
Qoşun gəldi gördü, yolun qırağında bir sürü qoyun otarır bir çoban.
Dedi:
– Ay çoban, bu kimindi?
Çoban dedi:
– Armud bəyindi.
Qoşun məhətdəl qaldı. Dedilər:
– Bəs bu qədər də dövlət olarmı?
Tülkü də irəlidi, gəldi bir dev vardı. Buna dedi:
– Qoşunu görürsənmi padşahın oğlu azarrıdı ona dərman dev əti deyirlər. İndi o qoşun gəlir səni öldürüb aparsınnar ona.
Dev qaçdı. Əv qaldı tülküyə. İçində də hər bir ehtiyatı vardı. Gəlini gətirdilər, düşdülər həmən devin əvinə. O saat qazannar qoyuldu, düyü töküldü. Xörək qayrıldı. Verdilər qoşuna. Bu adamlara bir həftə bırda belə xörək qayrılırdı qoşuna verilirdi. Qoşun bir həftədən sora xudahafiz eliyip qayıtdı geri.
Armud bəy gündə çıxırdı ov eləyirdi gətirirdi bu gəlin xörəkdən zaddan qayırırdı. Armud bəy, tülkü, gəlin üçü də yeyirdilər, yatırdılar. Armud bəy bir gün ova çıxmışdı. Bunun qabağına bir ceyran çıxdı. Kəməndlə bu ceyranı diri tutdu, gətirdi əvə. Əvdə ceyranın başın kəsdilər kabab elədilər, yedilər, içdilər, axşam yatdılar. Səhər açıldı. Bı getdi genə ova. Tülkü öz-özünə dedi:
– Heç görən bu yaxşılıqlarımı bilir, bilmir?
Özün vırdı ölülüyə. Padşahın qızı bu tülkünün başın, gözün tumarrıyır ağlıyırdı. Gözünün yaşın od təki tökürdü. Bu zaman Armud bəy gəldi, gördü qız tülkünün başın sığallayır ağlayır. Soruşdu:
– Niyə ağlayırsan?
Qız dedi:
– Tülkü öldü.
Armud bəy tülkünün quyruğunnan tutdu, atdı çölə.
Tülkü durdu, gəldi dedi:
– Ə, sən o Armud bəy deyilsən ki, armudun dibində oturub Armudun böyrünə düşənin yeyirdin, ta ərindiyindən uzağa düşəni də yemirdin. Acınnan ölürdün. Necəsən devi gedim gətirim?
Düzəldi yola getdi devi tapdı. Devə dedi:
– Əvin dağılmasın odu, sənin otağında bir qızınan bir kişi oturur, kef eləyir.
Dev dedi:
– Onda gedək dəmirçinin dükanına bir zəncir qayıtdırax bir ucun sən boğazına bağla, bir ucun da mən. Əyər yalan olsa, səni sürüyüp öldürəcəyəm.
Tülkü dedi:
– Yaxşı.
Getdilər dəmirçidən bir zəncir aldılar. Bir tərəfin tülkü bağladı boğazına, bir tərəfində dev. Tülkü düşdü qabağa, dev də dalcan. Yavaşyavaş gəlirdilər.
Qız pəncərədən baxırdı, buları gördü Armud bəyə dedi:
– Əvin dağılmasın, budu tülkü devi gətirir.
Armud bəy dedi:
– Qoy gəlsin.
Bular qapıya gəldilər.
Armud bəy çıxdı dedi:
– Ədə tülkü, sənin dədən maa bir dev demişdi, yoxsa yeddi dev? Bu biri, bəs altısı hanı?
O saat dev tülkünü sürüdü öldürdü, qaçdı. Bular da bu əvdə yedilər, içdilər ləzzət apardılar.
O yedi yerə keçdi, siz də yeyin, dövrə keçin. Göydən üç alma düşdü biri mənim, biri özümün, biri də nağıl deyənin.
Mənbə
redaktəAzərbaycan nağılları. Beş cilddə. Bakı, “Şərq-Qərb”, 2005,