Artıqdı
Müəllif: Çoban Məhəmməd
Mənbə: Çoban Məhəmməd. Şeirləri və dastanları. (Toplayıb tərtib edəni: İslam Ələsgər). Bakı, "Nurlan", 2009. səh. 51-54

 
Bir gözəl gördüm bu gün,
Canlarda candan artıqdı;
Qaməti sərv ağacı.
Zülfü reyhandan artıqdı;
Qabağı ayna kimi,
Qaşı kamandan artıqdı;
Dodağı qaymaq təhər,
Dahanı şandan artıqdı;
Gözləri dan ulduzu,
Şöləsi şamdan artıqdı.

Qoşulub üç gözələ,
Bağları seyran eləyir;
Birisi sağında gedir,
Söhbəti hər yan eləyir;
Birisi solunda durub,
Canını qurban eləyir;
Dalınca bir özgəsi
Əmrinə fərman eləyir;
Özü rəiyyət balası.
Hökmü sultandan artıqdı.

Şah kimi divan qurdurub,
Gözəllərə cərmə kəsər;
Yanaqlar lalə kimi,
Çöhrəsində tellər əsər;
Durna tək sığallanıb,
Ürəyimi dardan asar;
Ağlımı başdan alıb.
Ciyərimədağlar basar;
Buxaqda fifil kimi
Zalı mərcandan artıqdı.

Çevrilib, dörd yanına,
Deyərsən ki. Tərlan baxır;
Çalmasını əyri çalıb,
Telləri altından çıxır;
Zülfünü şanə çəkib,
Gözlərinə sürmə yaxır;
Qoynu cənnət bacıdı,
Müşk ilə ənbər qoxur;
Buyu xoş bənövşədən,
Ətri süsəndən artıqdı.

Yeridikcə ikram edir
Zərli corab gül başmağa;
Hər tərəf yaxapulu,
Adət edib oynaşmağa;
Ləbləri məzələnib,
Daldalanıb zər yaşmağa;
Mələklər həya elər
Üzbəsurət danışmağa;
Görmədim bərabərin,
Deyəm ki, bundan artıqdı.

Tovuz kimi sığallanıb,
ər-ziba əlbət geyinib;
Hər zaman bəzəkli gəzir,
Eyləyib adət, geyinib;
Gümüş kəmər incə belə
Qurşanıb, rahət geyinib;
Qənövüzdən dizliyi var,
İpəkdən xələt geyinib;
Tərifi düşüb ellərə,
Şuru cahandan artıqdı.

Gül üzə ayna tutub,
Qələm qaşı əymələdi;
Tellərinə şanə çəkib,
Gözlərini sürmələdi;
Açmışdı ağ sinəsini,
Məni görüb düymələdi;
İstədim, irəli gedim.
Yoldaşları hərbələdi;
Dedilər: «Yaraşmazsan,
Bu xanım səndən artıqdı».

Çəkəndə dəstəsini,
Yeriyəndə xanasına,
Zülf dəyir topuğuna
Oxşar göllər göllər sonasına;
Qızıl üzük xub yaraşır
Ağ əllərin xınasına:
Məhəmməd «afərin!» söyləyər
Bu gözəlin anasına;
Doğubdu insan deyin,
Huri-qılmandan artıqdı.