Arzu (Mirzə Əli Möcüz)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Arzu Müəllif: Mirzə Əli Möcüz |
Xudaya, bəhəqqi birincü kərə,
Mənə tez bərat eylə beş-on lirə!
Xudaya, əgər yoxdu nəğdən pulun,
Bari açgilən milləta Rus yolun,
Və ya rəhm sal qəlbinə konsulun
Ki, bəlkə verə millətə təzkirə.
Aman, ingilisin işindən aman,
Yeridir su altından hər gün saman,
Onun öhdəsindən gələmməz cahan,
Xuda, ingilisi özün vur yerə!
Nə məzhəb daşır, nə mürüvvət, nə din,
Bığın kəsdirib, qırxdırıb səqqəlin,
Lazan məclisində[1] o Şimri-ləin
Oturmuş ki, xəlqin belin sındıra.
Gəhi bihəya qəsdi-İran edir,
Yığır Dari-Şurani[2] viran edir,
Vüsuqi, Qəvami[3] yenə xan edir,
Olur düşməni-can maliklərə.
Deyil bu, dadaş, qeyğanağü tərək,
Deyərlər buna "İngilisi kələk".
İşarət edəndə o kafər, gərək,
Müsəlman o saat girə səngərə!