Asudəlik bu saət yerdən göyə cəhanda

Asudəlik bu saət yerdən göyə cəhanda
Müəllif: Mirzə Ələkbər Sabir
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04.


"Dil mirəvəd zidəstəm, sahib dilan xudara,
Dərda ki, razi-pünhan xahəd şod aşikara!"1
Asudəlik bu saət yerdən göyə cəhanda
Var isə vardır ancaq İranda hər məkanda:
Təbrizdə, Sərabda, Xalxalda, Xançobanda,
Qeyrətli Şahsevəndə, hər anda, hər zəmanda,
Lorlarda, Şıx-gözəldə, Keşkanda, İsfəhanda,
Tehranda, əncüməndə, kabnetdə, parlamanda,
İşlər bütün həqiqət, sözlər bütün güvara,
"Dərda ki, razi-pünhan xahəd şod aşikara".
Dalma təfəkküratə, qare, ki işbu halət –
Ya kimlərin gücündən Iranda etdi nəş’ət?
Əlyövm hər tərəfdən çarpır gözə şikayət,
Hər kəsdə vəcdü şadi, hər yerdə əmnü rahət,
Əhvali-daxiliyyə bilxeyrü vəssəlamət,
Dadü sitəddə rövnəq, şirkətlə hər ticarət,
Xoşdil bütün cəmaət, razi bütün rəiyyət,
Asudə hali-millət, dair ümuri-dövlət,
Nəzmü nəsəq mühəyya, leşkər bütün səfara,
"Dərda ki, razi-pünhan xahəd şod aşikara".
Zənn etmə haziranın sə’yilə bimühaba
Bu rütbə е’tilalıq beş gündə oldu bərpa!..
Yox, yox, xəta edirsən, haşa və sümmə haşa!
Gərçi bular da az-çox bir iş görüblər, amma
Keçmiş binayi-xeyrin asarıdır həmana,
Qaib müdəbbiranın tədbiridir ki, hala
Etdikləri sədaqət bir-bir olur da peyda,
Açdıqları bulaqlar cari olur sərapa,
"Hatəssəbuhə həyyu ya eyyühəssükara!"
"Dərda ki, razi-pünhan xahəd şod aşikara".
Bunlar əbəsmi, yahu, mə’lulə yoxmu illət?
Hümmətsizin olurmu bunca müvəffəqiyyət?!
İran səadətində çoxlar edirdi xidmət,
Çoxlar bu məmləkətdə göstərdi sə’yü qeyrət…
Zoncümlə Nasirəddin2, – həqq eyləsin də rəhmət!
Hər beşdə-üçdə etdi hər səmtə bir səyahət,
Hər bir səyahətində sel tək axıtdı sərvət,
Yüksəldi ərşə qarşı xaki-diyari-Dara3…
"Dərda ki, razi-pünhan xahəd şod aşikara".
İştə bunun üçündür iranlı bilməsərrət,
Dünyalərə axışdı, olduqca gördü izzət (?)
Hər şəhri qıl tamaşa, hər səmtə eylə diqqət:
Məşriqdə minlər ilə, məğribdə bil’izafət,
Türkiyyədə ziyadə, Rusiyyədə nəhayət,
Çində, Xətadə… Bəh-bəh!.. Həp aşinayi-qürbət!
Hər sudə bittəkəssür, hər kudə bizziyadət,
İranlıdır görürsən, amma nə şanlı rö’yət!
Amma nə datlı didar, amma nə xoş qiyafət!
Hər şəxsə zahir ikən yox ərzi-halə hacət…
Tə’rif üçün və bir də yoxdur dilimdə yara,
"Dərda ki, razi-pünhan xahəd şod aşikara".
Ha, indi də Əhəd xan4, ol mənbəi-ədalət,
"Abadiye"-vətənçin minbabi-tabiiyyət
Nasir tək etmək istər isbati-qədri-millət,
Bol-bol səyahətindən məqsudu məhz ibrət,
Cudü səxavətindən mən eyləməm hekayət5…
Qoy madmazellər etsin tə’rifini, nəhayət,
İrana bənzər olsun qoy səfheyi-Buxara!
"Dərda ki, razi-pünhan xahəd şod aşikara".