At igidin qardaşıdı
At igidin qardaşıdı Müəllif: Koroğlu |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Həmzə, atı yaxşı saxla,
At igidin qardaşıdı.
Gündə muğayat ol, yoxla
At igidin qardaşıdı.
Yay olanda dağa yollat,
Yaz olanda ifçin nallat.
Qış olanda məxmər çullat,
At igidin qardaşıdı.
Atı sevib bəslə körpə,
Hayqıranda çıxsın sarpa.
Hər yeyəndə qırx tas arpa,
At igidin qardaşıdı.
Məclis qurdum çoxlarınan,
Dava etdim oxlarınan,
Qara polad mıxlarınan,
At igidin qardaşıdı.
Sərin-sərin yu suyunan,
Quyruğun bağla muyunan.
Qoç Koroğlu çox öyünən,
At igidin qardaşıdı.