Ata və oğul (Abbas Səhhət)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Ata və oğul
Müəllif: Abbas Səhhət


Ay dədə, dur get mənə çox şeylər al!
Bir dənə çanta, bir-iki dəftər al!
Mən dayım oğluyla gəlirdim bayaq,
Gördüm o məktəbdə oxur çox uşaq.
Durdum ora pəncərədən baxmağa,
Dərslərinə azca qulaq asmağa.
Dərsləri yetdikdə, dədə, axirə,
Oxudular elliyi birdən-birə.
Hamısının yaxşı tuturdu səsi,
Hər kim ola görsə düşər həvəsi.
Çöldə məni gördü müəllimləri,
Tutdu apardı özü lap içəri.
Xeyli danışdırdı məni, dinlədi,
Sonra nəvazişlə mənə söylədi:
– De səni göndərsin atan məktəbə,
Elm oxuyub ta yetəsən mətləbə.