Atanın oğluna nəsihəti
Atanın oğluna nəsihəti Müəllif: Əli Nəzmi |
Ey mənim ruhi-rəvanım, ey oğul.
Ey mənim cismdə canım, ey oğul.
Ey mənim sərvi-rəvanım, ey oğul.
Ey mənim tab, təvanım, ey oğul.
Ey olan dideyi-binurimə nur,
Ey verən bu dili-məhzunə sürur.
Ey mənim mayei-izzü şərəfim,
Ey həyatım səməri, vey xələfim.
Ömrümün gülşəninin sən gülüsən,
Dirilik bağımızın bülbülüsən.
Sən mənim cigərimin parəsisən,
Könlümün dilbəri-mehparəsisən.
Ey mənim baisi-hər şeyim, oğul.
Qüvveyi-samieyi-guşim, oğul.
Oğul, ey baği-həyatımda nəhal,
Oğul, ey sahibi-iqbali-cəmal,
Eşidib bu sözümü dərguş et,
Bədeyi-pəndimi al da, nuş et...
Sənə məndən bu vəsiyyətdir, oğul.
Qulaq as, yaxşı nəsihətdir, oğul:
Olgilən elmə tələbkar, oğlum.
Elm oxu, ol belə huşyar, oğlum.
Elm, insanlara zinətdir, bil,
Elm, nüri-bəşəriyyətdir, bil.
Eylə, növrəstə balam, kəsbi-ülum,
Adəm ol elmlə, adəm, yavrum.
Nuri-nili ilə işıqlanmalıdır.
Cəhlü zülmətdən uzaqlanmalıdır.
Elmdir baisi-üqba və həyat,
Elmdir mənbəyi-feyzi bərəkət,
Elmdir kaşifi-əsrari-nihan,
Elmdir ruh, bədəndir insan.
Elmlə fəxr eyləyir növi-bəşər,
Elmdir vasiteyi-muxtariat,
Elmlə kəşf edilir ruhi-nicat.
Əlqərəz, elmlədir dövri-can,
Ey oğul, elmlədir rahəti-can.
Kişinin zinətidir elm ilə fən,
Olur abad ülum ilə vətən.
Elmlə millət olur şən, məsrur,
Elmlə kütlə alır qüvvətü zur.
Aç qulaq, dinlə bu söhbətlərimi,
Saxla yadında vəsiyyətlərimi.
Elmsiz qiymətin olmaz, anla,
Qüvvətin, qüdrətin olmaz, anla.
Yaşamaq istər isən, can oğlum,
Elm kəsb eylə firavan, oğlum.
Eylə əxlaqını elm ilə qəşəng,
Eyləmə kəndini bikar, cəfəng,
Elmlər elmi qəbul et, mum ol.
Nə ki, bədxülq olaraq, məzlum ol.
Atma bu sözləri, canım, pedərim.
Söylədim. Anla əzizim, pesərim.