Axır çərşənbə duası
Axır çərşənbə duası Müəllif: Mirzə Əli Möcüz |
İlahi, səni and verirux sədrinin sədaqətinə, kərə yağının kəramətinə, cəmi Əli şiəsin axirçərşənbə gecəsi halvanın qəbrinə zəvvar elə! İlahi, səni and verirux plovun zülfi-pərişanına, sən bizim əlimizi xuruşun damənindən kəm və kutah eləmə. Ya Qəffar, xudaya--xudavənda, səni and verirux püstənin dəhanitənginə, xurmanın rənginə, biz əhli-Şəbüstəri mübarək yeddi lövünün şəfaətindən məhrum və binəsib eləmə. İlahi, səni and verirux abduq ilə qəndabın pilov dövrəsinin ətrafında çəkdiyi zəhmətə, o gecə bizim övrətə bir huş və baş kəramət elə, yağ-düyünü xərab edib, ovqatımı təlx etməsin, uşağı ağlaya-ağlaya qoyub, qonşuya çubuq çəkməyə getməsin.
Ey axırçərşənbə gecəsi yatıb, səhər tezdən quşlar ziyarətinə gedən xanımlar, "Amin" deyin! Ey çehil-yasin suyu kimi gəndov suyunu istemal edib, məraminə nail olanlar, ucadan "amin" deyin. Xudaya-pərvərdigara, səni and verirux küçələrimizin zığına, hamamlarımızın kəsafətinə, cavanlarımızın bığına, sən bu yalançı müsəlmanların imanını kamil elə. Ey on tümənə yüz tümən müamilə alanlar, ey evini, bağını girov qoyanlar, "Amin" deyin!
İlahi, səni and verirux dövlətlilərimizin toxluğuna və füqəralarımızın çoxluğuna, xirov suyunun yoxluğuna, ya bizi öldür, tələbkarın yaxasın qurtar, ya tələbkarı öldür, bizim yaxamız xilas olsun. Ey arpa çörəyini biri birinin əlindən qapanlar, ey soyuq yarma aşına həsrət qalanlar, "Amin" deyin!
İlahi! Səni and verirux tüməni on şahıya höccət yazan mollaların qələm-davatına, istambulçuların baratına, tiflisçilərin manatına, bu nəzir sahibinin əmvatına, axirətdə "Neynim!" günü görsətmə. Ey bir kağız lirə verib, bir cüt corab alıb ayağına soxanlar, yatmısız, ya bəng atmısız? Ucadan "Amin" deyin!
Ey nəzir sahibi, allah görüm sənin pullarını falçıya, ilançıya qismət eləməsin. Ey bacılar, allah falçıları sizə və sizi falçılara çox görməsin! Ucadan "Amin" deyin! Cənab hacı, allah nəzrüvü qəbul eləsin. Sənin ki, əlindən su suvarmaq və cənazəyə yapışmaq və xeyrə-şərə işləmək gəlməz, bəs allah yanında əyləşən kasıbın ömrünə bərəkət əta eləsin, sənə də bir ölüm versin, ta beş-on kasıb fövtündən xeyir görsün.
Ey dövlətlilərin xeyratında aşağı başda əyləşib, doyun-qarın pilov yeyənlər, ucadan "Amin" deyin! Ey molla qorxusundan saqqal qoyub, baş qırxdıranlar, "Amin" deyin!" Ey istambulçu qardaş, nə yapdın gəldin vətənə, öldün ətənə, əgər nənən caridi, sənin ömrün yarıdı. Ey cəmi Əli şiəsini murdar və özünü pak bilən cari, öldürsün səni tarı! "Amin" deyin!
Xudaya-xudavənda, bari pərvərdigara, bir söz deyəcәyəm, acığın gəlməsin, ola ki, yadından çıxa, sən bu nəzir sahibinin qədim ölənlərinə və cədid ölənlərinə rəhmət elə. Ələlxüsus iki yüz doxsan doqquz il bundan qabax, axşama üç saat qalanda, qaynanası Tükəzban xala ki, baş tireyi-xakə çəkib, ona rəhmət elə və ondan yaxşı mütəvəccöh ol. Can sənin, can Tükəzban xalanın. "Amin" deyən, lal olmayasan! İlahi, səni and verirux bu nəzir sahibinin burduğu gülələrə və çıxartdığı lülələrə, əvvəla cəmi bağ sahiblərini bunun şərrindən mühafizət elə və saniyən həlal kəsbinə bərəkət ət elə. Ey bağına hər həftə qapı alanlar, ey altı ay zəhmət çəkib, hasildə əli bənd olmayanlar, "Amin" deyin!
İlahi, səni and verirux girdəkanın girdəliyinə, fındığın xırdalığına, Sisbəyin qəbiristanlığına zibil tökənlərin başını qoyub ayağına daş vurma. Ey iydəni yeyib, çərdəyini həsir altına soxanlar, ey burnunu ətəyi ilən silənlər, ey pırpıslı donbalanlar, məbadə allahın beytində sizdən bir hadisə büruzə gələ hər iki dünyada rusiyah olarsız. Qalxın, ucadan "Amin" deyin.
Bəh, bəh, tardan da bir nəzirverdilər! Ey bacı, bilmirəm müsəlmansan, ya kafirsən? Boynuva qızıl taxırsan, naməhrəmə baxırsan! İlahi, and verirux ucubunuğun qəddinə, vəttəzalinin məddinə, bu övrətin cəddinə, cənnati-ədəndə yer kəramət elə. Ucadan "Amin" deyənlərlə bərabər.
İlahi səni and verirux riyanın mübahlığına, qumarbazların sağlığına, Fironun allahlığına, kərbəlayi Hüseynqulunun cərrahlığına, bu nəzir sahibini əsrin Əzrail həkimlərinə vadar və möhtac eləmə. Ey ucadan "Amin" deyən, səni görüm, vayqanlı Zülfəlinin sütünə rast gələsən!….
Bəh, bəh, usta Abbasqulu da bizə bir nəzir göndərdi. Uşax, ucadan "Amin" deyin. Xudaya-pərvərdigara, səni and verirux məşədi Lütfəlinin iştahasının azlığına, hirov Cəfərin kefinin sazlığına, Kərbəlayi Həsənəlinin gözlüyünə, Ağa Mirzə Məmmədəli ağanın süxənvərliyinə, birə yüz min bu dünyada, birə yüz min axirətdə əcir və əvəz kəramət elə. Ey başını usta Abbasquluya qırxdırıb pul verməyənlər, ucadan "Amin" deyin. İlahi, səni and verirux Gülşənin duvarlarına və İmamzadənin dağılan tifağına, sən bu nəzir sahibini Sultan Babanın qəbrinə zəvvar elə. Ey bu nəzir sahibi! Get, bu Dərəküçəsindəki pir mətləbin versin, Hüseynbaba kəmərin bağlasın, qışın tütətüt vaxtında məscidin minarəsində əzan deyəsən. Ey imamzadə qapısına qəndil bağlayan bacılar, ucadan "Amin" deyin. İlahi, səni and verirux molla Məmmədəli (molla Məndəli) axundun qəbrinə, padişahi-islamın tiqi-bidiriqini ədayə qate və bürra elə. Bu məscidin banilərinin ölənlərinə rəhmət, qalanlarına tofiqin kəramət elə. Ucadan "Amin" deyin. İlahi, bu əmi ki, adını tanımıram, mənə pul əta elədi, ey əmi, allah qadanı-balanı, əğrəbi-ilanı, mamılı-matanı, yanunda yatanı, rəhmətlik atanı, yerin, göyün bəliyyatından məhfuz eləsin!….