Axvay
Müəllif: Şifahi xalq ədəbiyyatı


Gülnahar mahalında Şəftən adlı orta sinli bir kişinin Gülxar adlı bir arvadı var idi. Şəftənin peşəsi naxırçılıq, Gülxarın peşəsi evdarlıq idi. Bu ər-arvad çox zəlil bir halda ömür sürürdülər. Hal belə ikən Gülxar barihəmlin yerə qoydu. Bunun bir misilsiz gözəl oğlu oldu. Oğlanın adını Xanoğlan qoydular. Xanoğlan böyüyüb tainki on səkkiz yaşına yetişdi. Günlərin bir günündə Xanoğlan Gülnahar şəhərinə gəzməyə çıxmışdı. Şəhərdə gəzərkən güzarı Gülnahar şəhərinin şahı olan Qəni şahın qəsrinə düşdü, nə gördü? Qəsirdə Qəni şahın qızı Püstə xanım özünə yeddi qələm ilə zinət verib, qızıl sandal üstündə qərar tutubdur. Xanoğlan bir belə mah-camalı görcək, bir könüldən min könülə aşıqıgiriftar oldu.

Xanoğlan oradan evlərinə gəlib əhvalatı ata-anasına nəql elədi. Sora, atasından təmənna etdi ki, Qəni şahın qızı Püstəxanımı ona alsın. Şəftən dedi:

– Ay bala, biz bir naxırçı babayıq, xalxın mal-qarasını otarıb, bir qarnı ac, bir qarnı tox dolanırıq. Amma o bir dövlətli şahdır, sana qızını verməz.

Xanoğlan ərz elədi ki, mehriban ata, sən get elçi daşının üstündə otur, onlar nə mətləbə gəldiyini xəbər aldıqda əhvalatı söylərsən. Görək nə cavab verirlər. Biz də ona görə iş görək. Ata-anası hər ikisi ona nəsiyyət verdilər, razı olmadı. Axırda biçarə Şəftən canına doyub şahın qızına elçi getməgə razı oldu. Odur ki, gedib elçi daşının üstündə oturdu. Qəni şah elçi daşının üstündə Şəftəni gördükdə, hüzuruna gətirdib nə istədiyini soruşdu. Biçarə Şəftən qorxa-qorxa əhvalatı şaha söylədi. Şah xəbər aldı:

– Ay kişi, oğlun nə peşə sahibidir?

Şəftən ərz etdi ki, şah sağ olsun, heç bir peşə sahibi degildir.

Şah Şəftəndən bu sözü eşidib buyurdu:

– Onda mən qızımı sənin o peşəsiz oğluna verə bilmərəm.

Şəftən dinməz-söyləməz şahın hüzurundan mürəxxəs olub evinə gəldi. Əhvalatı Xanoğlana nağıl etdi. Xanoğlan bu tərəfdən məyus, digər tərəfdən şad olub atasına ərz elədi ki, dur bu yaxında olan Bəndər şəhərinə gedək. Orada məni bir peşəyə qoy. Bəlkə baxtım yar ola, bir yaxşı peşə öyrənib həm sizləri bu zəlil yaşayışdan xilas edəm, həm də öz mətləbimə çatam.

Atası oğlunun bu ağıllı sözünə çox şad olub, Xanoğlan ilə birgə Bəndər şəhərinə yola düşdü.

Bunlar o qədər getdilər ki, axırda yorulub yolun kənarında olan bir çeşmənin başında belə zəlil ömür sürməklərindən, yorulmaqlarından ax-vay çəkib oturdular. Bu ata-oğul sərçəşmənin üstündə oturmaqda olsunlar, gəl sana Axvaydan xəbər verim.

Axvay cadugarlığı son dərəcə gözəl bilən bir sehirbaz idi ki, dünyada ikinci bir tayı yox idi. O cürbəcür sifətlərə girməgə mahir bir cadugər idi. O həmən sərçeşmənin yanında zirzəmidə özünə ev bina edib var-yox Süsən adlı qızı ilə o məkanda sakin idi. Həmən vəqt gah insan sifətində, gah da heyvan sifətində sehirbazlıq ilə xəlqin gözünü bağlayıb aldığı pullar ilə ömür keçirərdi. Axvay bəzən də bir peşəkar sifətində xəlqin içərisinə girib hiylə yolu ilə mahalın adamlarından girinə keçəni o zirzəmiyə aparıb, o adam sehirbazlığı ögrənənə qədər işlədərdi. Oylə ki, sehirbazlığı ögrəndi, dərhal öldürərdi. Qəzadan Şəftən ilə Xanoğlan axvay çəkib həmən sərçeşmənin başında oturanda bunların Axvay sədası onun qulağına çatıb onların yanına gəldi. Dedi:

– Məni nə üçün çağırırdınız?

Bunlar and içdilər ki, biz səni çağırmamışıq.

Axvay dedi:

– Bəs nə üçün axvay dediniz? Mənim adım Axvaydır.

Şəftən ərz elədi ki, ay canım bizim elin qaydəsidir, hansı vaqt işi düz gəlməyəndə, ya yorulanda axvay çəkərlər.

O sehirbaz buyurdu, yaxşı, bəs söyləyin görüm, haradan gəlib, haraya gedirsiniz?

Şəftən əhvalatı tamamən ona söylədi. Axvay işdən xəbərdar olub buyurdu:

– Ay kişi, qorxmayın, işiniz yaxşı rast gəldi. Mən hər cürə peşə bilirəm. Özüm də çox şəyird saxlayıb ustad edib buraxmışam. Hərgah könlün istəsə, oğlunu mana ver, yaxşı peşə sahibi edim.

Bunun bu sözünə ata-oğul razı oldu. Axvay buyurdu ki, indi sən get, oğlun qalsın. Tainki üç ilə bunu yaxşı peşə sahibi edim. Sora gəl bu sərçeşmənin üstündə Axvay deyif çağır. Onda mən yanında hazır olacağam.

Səftən göz üstə deyib oğlu ilə, Axvay ilə görüşüb evlərinə qayıtdı. Bu yandan Axvay öz-özünə dedi:

– Hələ üç il bu oğlanı işlədərəm. Hərgah, sehirbazlığı ögrəndi, öldürərəm, ögrənmədi atası gələndə verərəm aparar.

O zalım bu fikirdən sora Xanoğlan ilə evinə gəldi. Süsən gördü atası özüynən bərabər bir oğlan gətirir. O oğlanın gözəllikdə misli yoxdu. Qızın o cavana heyifi gəlib dedi:

– Gərək nə töhr olsa, bu oğlanı atamın cəngindən xilas edəm.

Axvay Xanoğlanı evinə gətirdikdən sora o gündən şagirdlik işi ilə məşğul etdi. O gündən başlayıb Xanoğlan sehirbazlıq örgənirdi. Bir gün Axvay şəhərə çıxmışdı. Zirzəmidə Süsən ilə Xanoğlan qalmış idi. Süsən Xanoğlanı yalqız görüb yanına gəldi, onun belə avara olmasının sirrini ondan soruşdu. Xanoğlan o xoş sifət Süsənə bütün başına gələn qəza-qədəri nəql etdi. Süsənin o muraz üstündə olan cavana rəhmi gəlib, atası Axvayın bütün sirlərini ona açdı. Xanoğlan son dərəcədə heyrətlənib dedi:

– Süsən, heç bir belə biinsaf, zalım adam olarmı?

Süsən dedi:

– Heç heyrətdə qalma! Əgər söylədiyim sözlərə inanmayırsansa, gəl göstərim!

Xanoğlan göstərməgə razı olduğundan Süsən onnan atasının adamları qırıb doldurduğu dama getdi. Xanoğlan nə gördü? Bu dam başdan-başa meyit ilə doludur. Əhvalı belə görcək yüzünü Süsənə dutub ərz etdi:

– Ey rəhmikar! Bə mən nə tər edim ki, həm bu insan cəlladının əlindən salamat qurtarım, həm də sehirbazlığı örgənim?

Süsən dedi:

– Ay cavan, hər nə təhər olsa, bu zalım səni həlak edəcək, bircə bu hiylə ilə sehirbazlığı ögrənib bunun əlindən salamat qurtarasan. O nə qədər səndən xəbər alsa ki, oğlum, sehirbazlığı örgəndinmi, sən cavab ver ki, usta mehriban, xeyr. Bəlkə bu minval ilə üç ilin müddətində sehirbazlığı örgənib, atan gələndə gedəsən.

Xanoğlan Süsənin bu tədbirinə “afərin” deyib, sehirbazlıq işinə məşğul oldu. O yandan Axvay şəhərdən gəlib buyurdu:

– Oğul, bir neçə gün bundan qabaq sana dediyimdən və indiyə qədər nə eləmisən. İndi di görüm, göstərdiyim işi qurtardınmı? İndiyə tək sehirbazlıqdan nə örgənmisən?

Xanoğlan Süsənin çəkdiyi tədbir nəticəsində ərz elədi:

– Usta mehriban, göstərdiyin işi qurtarmışam, amma sehirbazlıqdan bir şey bilməyirəm.

Axvay zahirən məyus, batilən xoşhal olub oğlanı işlədirdi. Üç il tamam olana qədər Xanoğlan sehirbazlığı örgəndi. Ancaq Axvay xəbər alanda, “bir şey örgənməmişəm” deyirdi.

Üç il tamam olduğundan Xanoğlanın atası Şəftən gəlib həmən sərçəşmənin üzərində Axvay deyib səsləndi. Bunun sədası Axvayın qulağına yetişcək, Xanoğlan ilə onun yanına gəldi. Onun ilə görüşdikdən sora buyurdu:

– Ay kişi, sənin bu oğlun nə yaman korazehin imiş. Bu üç ildə həm mənim zəhmətimi itirdi, həm də sənin yanında məni xəcalət elədi. Özü üçün də bir yurd-yuva yapa bilmədi.

Şəftən ərz elədi ki:

– Ay usta, tanrı səndən razı olsun. Hər adamın zehni bir olmaz, nə etməli, örgənməyib, özünə etdi. Eylə onun sağ-salamat əlimə gəlməsi böyük bir işdir. Necə mən naxırçılıq edib bir qarnı ac, bir qarnı tox dolanıram, bu da elə dolanar.

Şəftən Axvay ilə bir qədər söhbətdən sora çıxıb oğlu ilə evinə gəldi. Xanoğlan bu üç ilin ərzində başına gələn qəza-qədəri ataanasına təmamən nəql etdi. O yazıqlar oğlanlarının bir belə zəhmət, məşəqqət ilə peşə sahibi olmasını görüb çox şad oldular. Xanoğlan dedi:

– Ey mehribanlarım, hələ şad olmanız qabaqdadır. İmdi, atacan, mən hər nə desəm, əməl et. Çox keçməz, mal-dövlətimiz həddən ziyada olar.

Şəftən razı oldu.

Xanoğlan dedi:

– Mehriban ata, mən sehir oxuyub, bir yaxşı öküz olacam. Aparıb bazarda satarsan, amma başımın ipini verməzsən. Axşam olcaq, yenə də evimizə gələcəm.

Şəftən “göz üstə” dedi.

Xanoğlan sehirbazlıq ilə bir yaxşı öküz oldu. Atası ipindən tutub bazara apardı. Bazarda ən bahalı öküzün qiymətinə satdı. Ancaq başından ipi açmaq istədikdə, alan şəxs razı olmadı. Şəftən min belə öküz də olsa, ipi vermiyəcəyini söylədi. Nəhayət, ipi açıb evə gəldi. O yandan öküz alan adam evinə aparıb xal-xala saldı. Xanoğlan o qədər gözlədi ki, kişi evə getdi. Bu zaman sehir oxuyub, insan sifətinə düşdü. Oradan da evlərinə gəldi.

Xanoğlanın belə sehirbazlığına ata-anası heyran qalıb dedilər:

– Ey nuri didəmiz, hərgah səni biz əmələ gətirməsəydik, onda sənə bəni-insan demək olmazdı.

Xanoğlan şad olub, sabah yenə bir qiymətdar heyvan surəti ilə satılacağını ata-anasına vəd etdi. Bu surət ilə Xanoğlan hər gün başqa bir heyvan donuna girərək baha qiymətlərə satılırdı. Nəhayət, bu minval ilə onlar son dərəcə böyük dövlətə malik oldular. Bu mal-dövlət ilə doqquz mərtəbə saray qurdurdular. Ona görə də Xanoğlanın atası naxırçılıqdan əl çəkib, taciryana libas geydi. Ağsaqqal, qarasaqqal mərəkəsində əgləşirdi. Genə bir gün adəti üzrə Xanoğlan sehir oxuyup bir dəvə oldu.

Dedi:

– Ata, sayıq ol ki, osarımı məni alan adama verməyəsən. Şəftən “göz üstə” deyib dəvənin osarından tutaraq bazara apardı. Qəzadan, o günü Axvay da bir çodar surəti ilə bazara çıxmışdı. Nə gördü, həmən Şəftən kişi dəvə satır. Yanına gəlib diqqət ilə baxdıqda sehirbaz olduqdan gördü ki, öz sehiridi. Xanoğlan dəvə sifətinə girmişdir. O dəvəni Şəftən özü dediyi qiymətə alıb ovsarından tutaraq getmək istədigdə, Şəftən dedi:

– Çodar qardaş, osarı vermərəm.

Axvay dedi:

– Ay kişi, dəli olmamısan ki, satılan heyvanın başından ip açmazlar. Çünkü onda o heyvandan xeyr görmək olmaz.

Şəftən dedi:

– Bizim elin qaidəsi belədir ki, onlar mal satanda heyvanın başında ip verməzlər.

Axvay osarı kişidən almağ üçün bağırıb bütün bazar əhlini oraya tökdü.

Dedi:

– Ay həzarat, bu hansı məzhəbdə görünmüşdü ki, dəvənin başından osar açıla. Nə qədər istəyir osara da pul verim. Ancaq açmasın. Bazar əhli dedi ki, biz də görməmişik. Şəftən həm bazar əhlinin sözünə inanıb, həm də o haramzadanın çox pul verməsinə aldanıb dəvəni osarlı verib evinə getdi.

Axvay dəvənin osarından tutub zirzəmiyə gətirdi. Süsən uzaqdan Xanoğlan olduğunu tanıyıb zirzəmidə olan kəsərtiləri tamam gizlətdi. Bu yandan Axvay dəvənin osarını Süsənə verib onu öldürmək üçün kəsərti gətirməgə getdi. Süsən firsəti qənimət bilib dəvənin osarını buraxdı. Bu zaman Xanoğlan sehir oxuyub bir dövlət quşu sifətinə düşdü. Oradan uçub Qəni şahın başına qondu. Bu yandan Axvay çox gəzdigdən sora kəsərti gətirib gələndə nə gördü, dəvə yoxdur. Axvay qəzəblənib Süsəndən dəvənin necə olduğunu soruşduqda, Süsən dəvənin bir dövlət quşu sifətinə düşüb Qəni padşahın barigahına tərəf uçduğunu söylədi. O sehirbaz Süsəndən bu sözü eşitcək, sehir oxuyub bir dərviş donuna girib Qəni padşahın sarayının yanında çadır qurub oturdu.

Qəni şah dərvişi hüzuruna gətirtdi. Dedi:

– Ağa dərviş, nə mətləbin varsa, söylə, rəva edim.

O nəbakar ərz etdi:

– Şah sağ olsun. O başına qonan dövlət quşunu mana versəniz, bütün mətləbimi rəva etmiş olarsınız.

Şah dərvişin belə bir namünasib mətləbinə qarşu dedi:

– Ağa dərviş, bu quş dövlət gətirən quşdur, ona görə dövlət sahiblərindən başqa kimsəyə verilməz.

Axvay əl çəkməyib ərz etdi ki, ey Gülnaharın şahı, bil, agah ol, hərgah bu quşu mana verməsən, burada hər gün sana o qədər qarğış edəcəyəm ki, tainki, taxtı-tacın tarı-mar ola. Şah dərvişin qarğışından qorxub, nəhayət, quşu tacından götürüb ona verməg istədigdə, quş bir qab darı olub yerə töküldü. Dərviş bir çiçəyi toyuq olub o darını dənləməgə başladı. Toyuq darının hamısını dənləyib qurtardı, yalınız bir dənəsi şahın taxtının altına sıçradığından, toyuğun gözü görmədi. O darı bir tülkü olub, toyuğun həm cücələrini, həm də özünü boğub öldürdü. Bundan sora insan sifətinə düşdü.

Şah bu vəqəəyə təəccüb edib buyurdu:

– Oğlan, söylə görüm, bu vəqeənin səbəbi nədir?

Xanoğlan dedi:

– Şah sağ olsun, buyurun şəhər əhli səgirən-kəbirən təmamən buraya cəm olsunlar, sora vəqeənin səbəbini söyləyim.

Qəni şah vəzirə-vəkilə, əyan-əşrəfə, sərbazlara fərman verib bütün Gülnahar şəhərinin əhalisini oraya topladılar. Şahın fərmanı mövcibincə camahat ilə Xanoğlanın ata-anası da şahın barigahına gəldilər. Bu zaman Xanoğlan Axvayın özünün başına gələn qəza-qədəri axıratək Gülnahar əhlinə, Qəni şaha nağıl etdi. Şah, Gülnahar əhli Xanoğlanın bir belə şücaətinə “afərin” dedilər.

Qəni şah buyurdu:

– Bala, indi ki sən bir çox zəhmət, məşəqqətdən sora bir belə sənət sahibi oldun, gözümün ağı-qarası olan qızım Püstə xanımı sənə verirəm.

Xanoğlan ondan bu sözü eşidib əl-ayağından öpüb dedi:

– Var-dövlətin həddən ziyadə olsun, ancaq sizdən bir təmənnam var.

Şah dedi:

– Hər nə təmənnam var söylə! Can-baş ilə rəva edərəm.

Xanoğlan Ayvayın qızı Süsənin ona etdiyi yaxşılığı, onun zirzəmidə kimsiz-kimsənəsiz qaldığını şaha nəql etdi.

Şah buyurdu ki, oğlum bir qədər sərbaz götürüb Süsənin məkanına get, onu şəhərə gətir. Hərgah oğlum Rəhman Süsəni bəyənsə, Süsən də oğlumu bəyənsə, Rəhmana alaram. Xan oğlan razı olub, bir qədər sərbaz ilə Süsənin məkanına getdi. Süsəni Qəni şahın hüzuruna gətirdi. Şah Süsəni gördükdə başa düşdü ki, doğrudan da şahzadalara layıq bir qızdır. Şah Püstə xanımı hüzura gətirdib, Süsəni zər-ziba ilə bəzəyib qırx incə qız ilə seyran bağına çıxmağını söylədi.

Püstəxanım şahın fərmanına görə, Süsəni həmən minval ilə bəzəyib qırx incə qız ilə seyran bağına seyrə çıxdı. Bunlar seyran bağında seyir etməkdə olsunlar, gəl sana şahzadə Rəhmandan xəbər verim. Şahzadə Rəhman qırx gün idi ki, vəzirinvəkilin oğlu ilə başında qırx atlı Lalə dağına ava çıxmışdı. O cavan lazımı qədər av edib, şadi-xürrəm Gülnahar şəhərinə qayıdarkən şəhərin civarında bir qədər yorğunluqlarını almaq üçün seyran bağına düşdülər.

Əhli süvarlar atlara baxmağa məşğul ikən, şahzadə Rəhman bağın digər tərəfində olan çarhovuzda əl-üzünü yumağa getdi. Qəzadan, Süsən də qızlardan ayrılıb həmən çarhovuzda əl-üzünü yuyurdu. Bu əsnadə Şahzadə Rəhman çarhovuzun başına yetişdi. Nə gördü hovuzun başında; bir ceyran misal qız əl-üzünü yuyur. Dünyada misli manəndi yoxdur. Qaşları kaman kimi, kiprikləri ox kimi, gözləri qan piyaləsi kimi, sifəti on dörd gecəlik ay kimi, burnu Hind fındığı kimi, dişləri mirvari kimi, dodaqları şeh düşmüş qızılgül yarpağı kimi, zənəxdanda həbəşi xallar mixək danəsi kimi, sinə Səmərqənd kağızı kimi, qollar qarğı kimi. Xülasə, qəddi-qaməti insan üzü görməmiş meşələrdə bitən sərv ağacı kimi. On dörd hörük siyah zilfi dal gərdənini bürümüş, insan görəndə valeh olur.

Belə bir vəsfəgəlməz gözəli görən şahzadə Rəhman bir könüldən min könülə aşiqi-giriftarı oldu. O yandan Süsən əl-üzünü yumaqdan fariq olub başını yuxarı qaldıranda nə gördü, bir cavan nörəsidə çarhovuzun kənarında eşq şərabını içmiş bir aşiq kimi məst olmuş bir halda məlul-məlul ona baxır. Bu iki dil pərvərlər eşq dəryası olan çarhovuzun başında bir-birlərinə baxdıqda ürəklərinə məhəbbət oxu sancıldı. Hər ikisi bir-birinə aşıq giriftar oldular.

Şahzadə Rəhman bitab bir halda ərz etdi:

– Ey nazənin! Söylə görüm, sən hansı bağın gülü, hansı baxçanın bülbülüsən?

Süsən şahzadəyə cavab olaraq dedi:

– Ey cavan, dərdsiz aşıq ağlamaz. Əlbət bir dərdi var ağlayır. İmdi sən öz əhvalını mana söylərsən, mən də hansı bağın gülü, hansı baxçanın bülbülü olduğumu sana söylərəm.

Bu zaman şahzadə Süsənin yaxınına gəlib öz əhvalatını təmamən ona nəql etdi. Süsən də başına gələn qəza-qədəri təmamən şahzadəyə nəql etdi. Bundan sora hər ikisi bir-birlərinə söz verib ayrıldılar. Şahzadə süvarıların içinə, Süsən isə qızların içərisinə getdi. Şahzadə süvarıların yanına yetən kimi onlar ilə bahəm şəhərə varid oldu. Bu yandan Püstə xanımla Süsən qırx incə qız ilə atasının barigahına getdi.

Şahzadə Rəhman Süsənə aşıq olduğunu atasına bildirdi. Şah Süsənin yanına xacə göndərib Rəhmana getməsini soruşdu. Süsən də Rəhmana aşıq olmasını söylədi. Bu əsnədə Şəftən şahın yanına gəlib gəlinini aparmağa izn istədi. Şah isə can-baş ilə izn verdi. Hökm verib bütün Gülnahar şəhərini əlvan çiçəklər ilə bəzətdirdi. O yandan Şəftən şahın izin xəbərini oğluna yetirəcək Xanoğlan başında bir qoç cavan ilə şahın barigahına getdi. Şahın hökmü mövcibincə bütün Gülnahar əhli şahın məclisinə gəldilər. Ziyafətdə yeyib-içdikdən sora Püstəxanımın əlini Xanoğlanın əlinə, Süsənin əlini şahzadə Rəhmanın əlinə tapşırıb dağıldılar.

Xanoğlan Püstə ilə, şahzadə Rəhman Süsən ilə, eşi-işrətə məşğul olub var-dövlət içərisində ağ günlər ilə ömür sürməgə başladılar.

Mənbə

redaktə

Azərbaycan nağılları. Beş cilddə. Bakı, “Şərq-Qərb”, 2005,