Ayırma (Güllər Pərisi)

Ayırma
Müəllif: Güllər Pərisi

Hökmdarsan, hüzürunə gəlmişəm,
Amandı, qardaşım eldən ayrılma!
Qocalıb anamız gözü yoldadı,
Bülbülü çəməndən, güldən ayırma!

Tapılmırdı, vətənindən qaçmışdı,
Tərlan idi, yuvasından uçmuşdu,
Yad ölkəyə, qəribliyə düşmüşdü,
Bağışla, o tuti dildən ayırma!

Pəriyəm, gəlmişəm sizə minnətə,
Amandı, qardaşım salma zillətə,
Çəkib cəzasını, düşüb qürbətə,
Yaşılbaş sonanı göldən ayırma!