Ay Sənəm, Sənəm

Ay Sənəm, Sənəm
Müəllif: Şair Məhəmməd
Mənbə: "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil. 2018. 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-01.

Sübhü şəm dərdindən yahu çəkərəm,
Ölüncə deyərəm: ay Sənəm, Sənəm.
Gözlərimdən qanlı yaşlar tökərəm,
Kirpiyi ox, qaşı yay Sənəm, sənəm!

Bağbanıyam, gəl bağçaya, bar apar,
Gəzək, seyr eləyək bağı bərabar.
Yoxdu yer üzündə sana barabar,
Ərşdə mələklərə tay Sənəm, Sənəm!

Buxağın büllurdu, yanağın lala,
Vəsfin təzəlikcə düşüb mahala.
Məhəmmədi döndəribsən abdala,
Eyləyibsən ömrün zay, Sənəm, Sənəm!