Ay ağa, haray (Aşıq Abbas Tufarqanlı)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Ay ağa, haray Müəllif: Aşıq Abbas Tufarqanlı |
Mənbə: "Aşıq təcnisləri" (şeir antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, 2022. |
Xaliqi ləm-yəzəl, vahidi-yekta,
Salma nəzərindən, ay ağa, haray!..
Mən ki, qovruluram tənə sözüynən,
Pərvanə tək yandım, ay ağa, haray!..
Başına döndüyüm ala yapışır,
Zər-zərbaf geyinib, ala yapışır,
Mərdin qaydasıdı – ələ yapışır,
Seyrağıb əl atar ayağa, haray!..
Kəbədən gələnin bu müşk gülünə,
Bülbül, əhvalını demiş gülünə,
Şikəstə Abbasın bu müşkülünə,
Sən özün yet dada, ay ağa haray!..