Ay ağa (Aşıq Tüccar)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Ay ağa
Müəllif: Aşıq Tüccar
Mənbə: Tacir Səmimi, "Ümmandan damlalar"

Yoxsulluqdan dili tutmur danışa,
Mürvət elə, insaf elə, ay ağa.
Kasıblığın ataşında yanıbdı,
Qara pul da gəlmir ələ,ay ağa.

Qarışıbdı başı dərdə fağırın,
Arıq yabı tanıyacaq axırın.
Bəlkə acdı, bir içəri çağırın,
Göz yaşları dönüb selə,ay ağa.

Külfət basıb, dərd üstündən dərd gəlib,
Ehtiyacdan olub gözü dörd-gəlib.
Elə bil ki, görüşünə mərd gəlib,
Dindir onu hörmət ilə, ay ağa.

Əli qabar, əyni nimdaş, qarnı ac,
Ha dolansın quru-quru yal-yamac.
Yetimlərə, kasıblara qapı aç,
Bir qulaq as əhli-dilə,ay ağa.

Aşıq Tüccar sözü deməz boşuna,
Söyləyəcəm gəlməsə də xoşuna.
Acıqlanma, bir gün gələr başına,
Yaxşılıq et bircə gilə, ay ağa.