Ay anam mənim
Ay anam mənim Müəllif: Aşıq Bəsti |
Mənbə: Aşıq Bəsti. "Bənövşələr" (PDF) (az.). Gəncə. 2013. 2018-09-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-14. |
Dərdim elə artdı, Kürü də keçdi,
İndi hara gedim, ay anam mənim?!.
Gözlərimin yaşı qanıma keçdi,
İndi hara gedim, ay anam mənim?!.
Aşıq olub dildən-dilə düşmüşəm,
Gəzə-gəzə eldən-elə düşmüşəm.
Səhralar gəzmişəm, çölə düşmüşəm,
İndi hara gedim, ay anam mənim?!.
Nə Həkəri qaldı, nə də Ərgünəş,
Yandım eşq oduna, can oldu atəş.
Bəstiyəm, olmuşam, bir yaralı quş,
İndi hara gedim, ay anam mənim?!.