Ay ata-ata
Müəllif: Aşıq Hüseyn Bozalqanlı

Ay bimürvət, aldın şirin canımı,
Müjganın sinəmə ay ata ata.
Əziziyəm ay ata,
Oğlun ölür, ay ata,
Başım cəllad əlində,
Sözüm keçmir həyata.
Qaşın Qüreyşdi, camalın cimdi,
Nə gözəl yazılıb ayat, ayata.

Bülbül idin qondun qeyri dala sən,
Mənim kimi qəm bəhrinə dalasan.
Əziziyəm, dala sən,
Dara zülfün dala sən
Əlif olan qəddimi,
Döndərirsən dala sən
Məcnun kimi məni saldın dala sən,
Xaraba küncündə ay yata yata.

Yazıq Hüseyn, eşq oduna yanar hey,
Qoynundakı ya turuncdur, ya nar hey.
Əziziyəm yanar hey,
Dərdin canda yanar hey,
Tərlan könlüm havadan,
Sona alıb enər hey.
Namərd olan səməndindən enər hey,
Mərd iyidlər minər ay ata, ata.