Ay hazarat
Ay hazarat Müəllif: Şair Məmmədhüseyn |
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20. |
Ay hazarat, bu nə gündü çəkirik,
İçdiyin zəhərdi, yediyin ağı.
Bəylər, xanlar eli salırlar incik,
Pristav da olub bir yandan yağı.
Bığı burmaların düşür evinə,
Azdan-çoxdan alıb basır cibinə.
Tələ qurur, qoymur eli sevinə,
Sinəmizə çəkir çal-çarpaz dağı.
Qabaqdan dinənin kəsilir dili,
Qarışıb bir-birə ağıllı, dəli.
Gəlməyəydi belə bəd gələn ili,
Saldı qazamata yazıq uşağı.
Varım yoxdu, gedib verib qurtaram,
Gücüm yoxdu qala dibini yaram.
Oturmaq da haram, durmaq da haram,
Koxa da seçiblər qanmaz ulağı.
Əl qaldırsan qazı molla görülür,
Qlavayla ara yaxşı hörülür.
Nahaq yerdən yurddan sürgün sürülür,
Necə susdurasan pullu naçağı.
O kəsin ki, dövləti var, varı var,
Dar günü köməyi, havadarı var.
Deyirik ki, göydə adil tarı var,
Niyə sönmür bəs bədnəzər ocağı.
Avam olduq avamların əlində,
İnsaf yoxdu qazısında, pirində.
Cana doyan bir kimsənə görəndə,
Yoldan azdın deyib kəsir qabağı.
Eyləyiblər “dərə xəlvət, tülkü bəy”
Hökmrandı vara həris neçə səy.
Bağlatdılar başımıza lap ləçəy,
Bir əlac var, o da Nəbisayağı.
Məmmədhüseynə dövran vermir amanı,
Alt-üst olsun belə yaman zamanı.
Yaxşı budur tut düşmənə kamanı,
Al qisası, ol nadanlar qoçağı.