Ay mədəd (Əndəlib Qaracadaği)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Ay mədəd
Müəllif: Əndəlib Qaracadaği

Saqi, bir badə ver, keçdi –
Bahar, ay mədəd, ay mədəd!
Sərxoşam öldürür, məni –
Xumar, ay mədəd, ay mədəd!

Eşq atəşin düşsə cana,
Rəxnələr salar imana,
Bağladır Şeyx Sənana –
Zünnar, ay mədəd, ay mədəd!

Görün bu namehribanı,
Apardı ağlı, imanı, etdiyi əhdi, peymanı –
Danar, ay mədəd, ay mədəd!

Neyləyim mən bəxti qara,
Düşdüm vətəndən avara,
Canım atəşi-rüxsara –
Yanar, ay mədəd, ay mədəd!

Əndəlibi-pərişanam,
Yay qaşlarına qurbanam,
Mübtəlayi-zimistanam,
Gülzar! Ay mədəd, ay mədəd!