Ay maral
Ay maral Müəllif: Növrəs İman |
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004. |
Çarxı-fələk məni yaman oxlayıb,
Axır yaralardan qanım, ay maral!
Mən də sənin kimi yaman dərdliyəm,
İnildəmə, çıxdı canım, ay maral!
Tifil ikən ustad oldum dünyada,
Bir Şirinə Fərhad oldum dünyada,
Çöl-biyaban - səhrad oldum dünyada,
Yoxdu elim, nə məkanım, ay maral!
Sakini-Göyçəyəm, adımdı İman,
Könlüm çox sınqındır, halım pərişan.
Hər nə ki, sirrim var eylədim bəyan,
Dedim sənə hər nişanım, ay maral!