Ay nə gətirdi
Müəllif: Ağdabanlı şair Qurban
Mənbə: Ağdabanlı şair Qurban. "Qumrutək ləhcəli, xoşxandı Qurban". Bakı, "Elm və təhsil", 2012. səh.334

Qələm, sən arifə söylə qanalar,
Baxıb camalına, ay nə gətirdi.
Mən ölsəm dərdindən, kim var qan alar,
Bir əlif, bir bey, nun ay nə gətirdi.
 
Kim bilir könlümdən ya nə dolandı?
Canım oda yana-yana dolandı.
Dostlarım mən ilə yana dolandı,
İl keçdi, gün gəldi, ay nə gətirdi?
 
Dağ başını tutub duman, qar ala,
Gərdiş gəzər, fəsil düşər, qarala.
Qurban yazıq, ha dəftəri qarala,
Yazmağın dəstinə ay nə gətirdi.