Ayağa, ayağa (Şair Məhəmməd)
Ayağa, ayağa (Şair Məhəmməd) Müəllif: Çoban Məhəmməd |
Mənbə: Çoban Məhəmməd. Şeirləri və dastanları. (Toplayıb tərtib edəni: İslam Ələsgər). Bakı, "Nurlan", 2009. səh. 49 |
Dağlar sinəsində lalə seyr edər,
Səri səcdə qılar ayağa, ayağa.
Darda qalanların dadına yetər,
Sidqilən çağırsa: «Ay ağa, ağa!».
Yazarlar kağızın «sin» arasına,
Nanı gətirərlər sini arasına.
Cəsəd cansız gedər sin arasına,
Nəkreyin qaldırar ayağa. Ayağa.
Məhəmməd, eşq atın yayın təhrində,
Naqqaşlar yay çəkər yayın təhrində.
Dağlar al geyinər yayın təhrində,
Qışın çilləsində a yağa-yağa.