Ayağa qarqar
Müəllif: Aşıq Ələsgər
Mənbə: Aşıq Ələsgər. Əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2004. ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19.

Var olsun Qarabağ, əcəb səfadı,
Başa Xaçın axar, ayağa – Qarqar.
Göyçə qar əlindən zara gəlibdi,
Muğan həsrət çəkər: a yağa qar, qar…

Ahən gəzər, səngə verər mər dana,
Mərd oğulun qəhrin çəkər mərd ana.
Mərd iyid meydanda durar mərdana,
Müxənnət yapışar ayağa, Qarqar.

Ələsgəri çəkməginən ala sən,
Geyinibsən, yar, qəddinə ala sən.
Lazımdı ki, qərib könlün alasan,
İncidərsən, sana, ay ağa, Qarqar.